Kərim Diniyev "Səbail"də

ESTAFET/ "Kəpəz"in yanvarın ilk günlərində yollarını ayırdığı gənc futbolçu Kərim Diniyevin yeni klubu müəyyənləşib. 25 yaşlı yarımmüdafiəçi Sport24.az-a açıqlamasında karyerasını "Səbail"də davam etdirəcəyini bildirib.



O, Topaz Premyer Liqasının debütantı ilə danışıqlarının müsbət yekunlaşdığını bildirib: "Səbail"də oynayacağım artıq dəqiqləşib. Yeni klubumla qarşıdakı günlərdə 1,5 illik müqvailə imzalayacağam. Düzünə qalsa, "Səbail"in hələ cari mövsümün ilk yarısında xidmətində maraqlı olduğu haqda eşitmişdim. Bu komandanın baş məşqçisi Samir Əliyevin məni sərəncamında görmək istəməsi haqda məlumatım vardı. Ancaq həmin vaxt "Kəpəz"lə müqaviləm olduğundan keçidim arxa plana keçdi. Məlum olaylardan sonra Gəncə klubuyla heç bir bağlılığım qalmadı və gündəmdə qalan "Səbail" variantını dəyərləndirdim".



Kərim yeni kılubuna böyük ümidlərlə gəlib: "Səbail" Premyer Liqamızda ilk mövsümdür oynayır. Komandanın çıxışı göz qabağındadı. Debütant olsa da, pis təsir bağışlamır. Yeni komandadı, gənc baş məşqçisi var, heyətində əksər futbolçular yerlidi. Klub infrastruktura da böyük diqqət yetirir. Komandanın öz bazası, stadionu var. İnanıram ki, "Səbail"də karyeram uğurlu alınacaq".



Diniyev "Səbail"lə "Kəpəz"in müqavilə şərtlərini müqayisə etməyi məqsədəuyğun saymayıb: "Bunun etməyim düzgün olmazdı ki, hansı klubda az maaşa oynayacağam. "Səbail"in maddi şərtləri məni qane etməsəydi, bura keçməzdim. Buna da şükür. Gənc futbolçuyam, indi mənim üçün əsas oynamaqdı. "Səbail"in paytaxt klubu olmasının mənim üçün elə bir fərqi yoxdu. Onsuz da "Kəpəz"də çıxış edəndə Bakda qalırdıq, Gəncəyə oyuna 1 gün qalmış gedirdik".



Xatırladaq ki, Kərim futbolda ilk addımlarını atdığı "Neftçi"nin əvəzedici komandasında çıxış etdiyi zamanı Samir Əliyevin rəhbərliyi altında da oynayıb.