RİO-2016: HACI ƏLİYEV BÜRÜNCLƏ KİFAYƏTLƏNDİ

ESTAFET/ Bu gündən Olimpiya Oyunlarında sərbəst üsulla güləşənlərin mübarizəsi başlayıb. Rioya tam heyətlə yollanan sərbəst güləşçilərimizdən bu gün ikisi medallar uğrunda mübarizəyə qoşulub.
57 kq çəki dərəcəsində güləşən ikiqat Dünya çempionuuz Hacı Əliyevin debütü 1/8 final mərhələsində Cənubi Koreya təmsilçisi Junsik Yuna qarşı olub. Görüşə açıq üstünlüklə başlayan Hacı 12-2 hesablı qələbə qazanıb.
1/4 finalda rəqib London Olimpiadasının gümüş mükafatçısı gürcü Vladimir Xinçeqaşvili idi. İlk hissəni 1-0 öndə bitirən Hacı ikinci hissədə ardıcıl səhvlər üzündən geri düşdü. Yekunda 5-3 hesablı qələbəni gürcü güləşçi bayram etdi.
Gürcünün finala çıxması güləşçimizə bürünc medal qazanması üçün şərait yaradıb. İlk təsəlliverici görüşündə qazax güləşçi Nurislam Sanayevə gərgin mübarizənin sonunda 10-8 hesabı ilə qalib gələn Hacı, kiçik finalda bolqar Vladimir Vladimirovla qarşılaşıb. Görüşü təmiz qələbə ilə başa vuraraq bürünc medala sahib olan Hacı güləş yığmamızın Olimpiadaya medalla başlamasını təmin edib.