RİO-2016: CƏBRAYIL DA BÜRÜNCLƏ DAVAM ETDİ

ESTAFET/ Cıbrayıl Həsənov mübarizəyə 1/8 final mərhələsindən başlayıb və kolumbiyalı Karlos Mendesi sınağa çəkib. Lakin kolumbiyalı ilk hissəni belə sonadək duruş gətirə bilməyib və Cəbrayıl görüşü 10-0 hesablı qələbə ilə bitirib.
Güləşçimiz 1/4 finalda Gürcüstan təmsilçisi Yakob Makaraşvili ilə münasibətlərə aydınlıq gətirib. Gürcüyə də kolumbiyalının aqibətini yaşadan Cəbrayıl ilk hissədəcə 11-0 hesablı qələbə ilə yarımfinala adlayıb.
Yarımfinalda rus güləşçi Aniuar Qeduyevlə görüşə arzulanılan kimi başlayan Cəbrayıl ilk hissəni 4-0 öndə bitirdi. Lakin ikinci hissədə məşqçilərin yanlış göstərişləri və addımları nəticəsində geri düşərək, xalçanı 4-5 hesablı məğlubiyyətlə tərk etdi.
Daha sonra bürünc üçün xalçaya çıxan Həsənovun rəqibi özbək Bexzad Abdurrahmanov olub. Görüşün əvvəlindən üstünlüyü ələ alan Cəbrayıl yekunda 9-7 hesablı qələbə ilə Oyunların bürünc medalını qazanıb.
