Ekoturizmin təşəkkül tarixi

ESTAFET/ Ekoloji turizm lokal ideya olaraq, təbiətdən gələn iqtisadi gəlirlərlə rekreasiya əraziləri arasında balans yaratmaq məqsədilə XX əsrin 70-80-ci illərində Yer kürəsinin təbiətinin mühafizə olunması kimi qlobal ideya çərçivəsində yaradılmışdır. Bu zamana qədər təbii rekreasiya ərazilərinin turistlər tərəfindən ifrat istismarı nəticəsində neqativ təsirlərin göstəriciləri xeyli yüksək idi. Buna ən böyük nümunə olaraq ABŞ-ın bir sıra milli parklarında, Kamçatkada Qeyzerlər Dərəsində və Alplarda təbiətin deqradasiyasını, Nepal-Everestdə (Comolunqma) və Cənubi Amerikada İnklərin Cığırı adlı ərazilərdə zibil toplularının formalaşmasını misal göstərmək olar.
Kütləvi turizmin ətraf mühit və turizm ehtiyatlarına mənfi təsiri hələ XX əsrin 70-ci illərində bir sıra tədqiqatlarda qeyd edilməyə başlandı. Bu gün antropogen təsir turizm sənayesinin bir çox sahələrində və turizm regionlarının bir çoxunda hiss olunur. Məsələn, artıq 1973-1983-cü illərdə Polşada bu səbəbdən çay və göllər üzərində su marşrutlarının ümumi uzunluğu 40%, dənizlərdə isə 70% qədər azaldı. Korlanmış meşələrin sahəsi 60% artmış, 1976-cı ildən isə ABŞ-da Balinger kanyonunda turistlərə xidmət edən avtonəqliyyatın hərəkəti nəticəsində qrunt və torpaq örtüyünün yuyulması prosesi icazə verilən normadan 86 dəfə çox idi.
Təbii rekreasiya ərazilərin deqradasiyasının müşahidə olunması turizm praktikasına təbiətin mühafizəsi ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsini və turizmdə ekoloji menecmenti formalaşdırdı.
Ekosistemlərin rekreasiya deqradasiyası. Ekosistemlərin rekreasiya deqradasiyası anlayışı, yaradan səbəblər və neqativ nəticələri.
Təbii rekreasiya ərazilərinin deqradasiyasına ən mükəmməl misal olaraq XX əsrin 80-ci illərində Nepalın Annapurna dağı ətəklərində yaranan vəziyyəti göstərmək olar. Neapal hər il dağ turizmi ilə məşğul olan 200 mindən artıq turist qəbul edir. Annapurna dağının ətəklərində hər il turist çadırlarını görmək olar. Burada dağ ətəklərində tarixən formalaşmış meşələr, kütləvi turizmin inkişafına qədər yalnız yerli əhalinin tələbatını ödəmək üçün istifadə olunurdu: evlərin tikintisi və isidilməsi, qidanın hazırlanması, ovçuluq, yığıcılıq və s. Turizmin inkişafı isə turistlərin sayının, əhalinin ümumi sıxlığının (yerli əhali və turistlər) və təbii resursların istifadəsi həcminin artmasına, dağ ətəklərində meşələrin daha intensiv qırılmasına gətirib çıxardı. Nəticədə, dağətəyi ərazilərdə meşə ilə örtülü ərazilərin sahəsi azaldı və hətta bəzi dağ ətəklərində tamamilə yox oldu. Bu neqativ təsirə əlavə olaraq, artıq çılpaqlaşmış torpaqların, turistlərin yüklərini daşıyan çoxsaylı yakların ayaqlarının altında qalmasıdır. Yağışlı aylarda dağıdılmış torpaq eroziyaya uğrayaraq sürüşür və dağətəyində yaşıllığın təbii bərpasının qarşısı alınırdı. Bir zamanlar çox möhtəşəm təbii gözəlliyə malik ərazilərdə ekoloji böhranın bütün əlamətləri üzə çıxmağa başladı: deqradasiyaya uğramış ərazilərin meşələrə doğru hərəkət etməsi, çılpaqlaşmış ərazilərdə torpaq eroziyası, təbii bərpa proseslərinin gecikməsi və s. Ekoloji böhranın fonunda sosial böhranın əlamətləri özünü göstərməyə başladı. İlk dövrlərdə sosial böhranın əlamətləri özünü yerli əhalinin öz həyatları üçün vacib və məhdud miqdarda olan resursları turistlərlə bölməyə məcbur olurduqlarından, turistlərə olan münasibətdə neqativ halların çoxalmasında göstərdi. Ərazinin rekreasiya cəlbediciliyinin və sosial komfortluluğun itirilməsinin nəticəsində ölkəyə gələn turistlərin sayı azaldı, bu da yerli əhalini əlavə gəlir mənbəyindən, dövlət büdcəsini isə maliyyə gəlirlərindən məhrum etdi.
Beləliklə, təbii landşafta onun qəbul edə biləcəyi normanı aşaraq həddən artıq yüklənmə, bir sıra neqativ ekoloji və sosial gərginliklərə səbəb oldu. Əgər nəzərə alsaq ki, deqradasiyaya uğramış dağlıq ərazilərin yenidən bərpa olunması çox uzunmüddətli və kifayət qədər bahalı prosesdir, turislərin özlərinin bu prosesdə iştirak etməsi və deqradasiyaya uğramış ərazilərin bərpasında maraqlı olması çox vacib amildir.
Ekoloji turizmin yaranması və inkişafı estetik və rekreasiya nöqteyi-nəzərdən cəlbedici olan təbii ərazilərin itisfadəsi və mühafizəsi ilə bağlı normativlərin tərtib olunması tarixi ilə sıx bağlıdır. İlk milli park 1872-ci ildə Şimali Amerikada yaradılmış Yelloustondur. Artıq XIX əsrin sonlarında “Vəhşi Qərb” adlandırılan Şimali Amerikada bir sıra milli parklar yaradıldı: 1885-ci ildə Banf və Qleyşer, 1886-cı ildə - Yoxo, 1890-cı ildə Yosemit, 1895-ci ildə - Vaterton-Leyk və s. İkinci Dünya müharibəsi illərindən dərhal sonra dünyada milli parkların yaradılması tempi daha da sürətləndi. Belə ki, 1950-ci ildə dünyanın 39 ölkəsində 200 park var idisə, 1982-ci ildə artıq parkların sayı mini keçmişdi. Milli parkların yaradılmasında tempinə görə inkişaf etməkdə olan ölkələr xüsusilə seçilirdilər. Misal olaraq, İndoneziyada iki il ərzində (1980-1982) ümumi sahəsi 49,3 min kv.km olan 16 milli parkın yaradılması barəsində sərəncam verilmişdir.
Təbii ərazilərin “ekoloji istismar” rejimində istifadə olunması bu ərazilərin rekreativ cazibədarlığının itirilməsinə və bir müddət sonra turizm məqsədilə istifadəsindən uzaqlaşdırır.
XX əsrin 80-ci illərinin əvvəllərində rekreasiya məqsədilə isitfadə olunan ərazilərin ifrat dərəcədə istismarı ilə bağlı yaranan neqativ nəticələrin öyrənilməsinə yönəldilmiş ilk elmi müşahidələr aparılmışdır. Təəccüblü deyil ki, bu sahədə ilk təcrübələrin vətəni sıx məskunlaşmış, sənaye cəhətdən yüksək inkişaf etmiş, turizm sahəsində liderlərdən olan Avropa idi. 1980-ci ildə alman jurnalı olan “TEO”-da R.Yunkun “Bir hektar dəniz sahilinə nə qədər turist düşür?” adlı məqaləsi çap olundu. 1981-ci ildə X.Vaysın “İsveçrədə landşaftın sülh vasitəsilə məhv edilməsi və onun mühafizə olunması” adlı kitabı nəşr olundu. Bu istiqamətdə təcrübələrin aparılması özündə təbii ərazilərin rekreasiya məqsədilə ekoloji cəhətdən daha bilikləndirilmiş şəkildə istifadə olunmasını birləşdirən “yumşaq turizm” və “yaşıl turizm” anlayışlarının ortaya çıxmasına gətirib çıxardı.
1990-cı ildə ekoloji turizm sahəsinə rəsmi şəkildə hər il “Annual World Congress on Adventure Travel & Ecoturism” adlı beynəlxalq simpoziumun çağırılmasına və özünün kommersiya məqsədi daşımayan təşkilatlarının yaradılmasına icazə verildi.
ÜTT-nin qiymətləndirməsinə görə ekoloji turizm dünya turizm sənayesində 2-4% təşkil edir. Ekspertlərin qiymətləndirməsinə görə ekoloji turizm sahəsində məhsulların istifadəsi və xidmət sahələrinə hər il dünyada 55 mlrd. dollar xərclənir. Ekoturizmin illik artım tempi 30%-ə çatır.
Problemlərin artması ilə əlaqədar təbiət və mədəni-tarixi turizm ehtiyatlarının rasional istifadəsinə dair məqalə, konfrans və seminarların da sayı artırdı. Təkcə 1999-cu ildə xarici ədəbiyyatlarda bu mövzuda 400-ə yaxın məqalə çap olunmuşdur. Bütün bu işlərin nəticəsi 1996-cı ildə ÜTT, Səyahət və Turizm üzrə Şura (WTTC) və “Yaşıl dünya” təşkilatı tərəfindən hazırlanmış XXI əsrdə turizmin dayanıqlı inkişafı konsepsiyası: "Agenda 21 for travel and tourism industry" olmuşdur. Bu konsepsiya turizmə dair milli administrasiyalara, turizm və ticarət təşkilatlarına, eləcə də turizm xidmətlərinin istehlakçılarına ünvanlanmışdır.
Dayanıqlı inkişaf problemləri turizmə cəlb olunmuş unikal təbiət obyekt və hadisələri, təbii ərazilər üçün xüsusilə aktualdır. Adətən bu cür obyektlərin yerləşdiyi ərazilər yaxınlığında məskunlaşan əhali yalnız turizmdən gələn gəlir hesabına yaşayır. Bu xüsusilə dağlıq ərazilər üçün xarakterikdir. Təsadüfi deyil ki, 2002-ci il BMT-nin Baş Assambleyasının qərarına əsasən Beynəlxalq dağlar və ekoturizm ili elan olunmuşdur.
Təbiətinin xüsusi gözəlliyi ilə seçilən ölkələrdə turizm sahəsi daha çox milli parkların yaradılmasına xidmət edir. Məsələn, Kosta-Rika ərazisinin 30%-ni təbii mühafizə olunan zona olaraq elan etmişdir. Turizm sahəsi bu ölkədə aparıcı sənaye sahəsi olaraq, hər il ölkəyə 650 mln ABŞ dolları gəlir gətirir. CAR-da gəlirlərin miqdarına görə ekoloji turizm almaz hasilatı sənayesindən sonra ikinci yerdədir. Keniyanın milli parklarının istifadəsindən ölkəyə gələn gəlirlərin miqdarı 450 mln. ABŞ dollarıdır. Yalnız Qalapaqos adaları isə Ekvadora 180 mln. ABŞ dolları gəlir gətirir. Ruandanın vulkanlar milli parkında dağ qorillasına baxmağa gələn turistlər yalnız parka giriş üçün ödənilən puldan 1 mln ABŞ dolları, digər xərclərdən isə 2-3 mln dollar ölkəyə gəlir gətirirlər.


