Azərbaycan Qran Prisinin son günündə Dua Lipa konsert verəcək

ESTAFET/ Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, dünya musiqisində özünəməxsus yerə malik ifaçılardan biri olan Dua Lipa 2018 Formula 1 Azərbaycan Qran Prisi başa çatdıqdan sonra axşam saatlarında keçiriləcək konsert proqramında çıxış edərək Bakıda gərgin mübarizə və əyləncə fonunda baş tutacaq möhtəşəm yarış həftəsonuna öz damğasını vuracaq.

 

Ötən illərdəki yarışlardan fərqli olaraq bu il dünya ulduzlarının verəcəyi axşam konsertləri Kristal Zalda keçiriləcək.

 

Biletləri tamamilə satılan konsertləri və hit mahnıları ilə 2017-ci ili başa vuran Dua Lipa 8,5 milyon sinql və 1,5 milyon albom sataraq, ötən il “Spotify”-da ən çox dinlənilən britaniyalı qadın ifaçı adına layiq görülüb.

 

Duanın “YouTube”-da baxış sayı 1 milyardı keçən “New Rules” adlı mahnısı Böyük Britaniya mahnı çartlarında 2 həftə 1-ci yerdə olmuşdur. Bununla da müğənni 2015-ci ildən bəri Adeldən sonra Böyük Britaniyada 1-ci pillədə qərarlaşan ilk solo qadın ifaçıdır. 

 

BŞH-nın icraçı direktoru Arif Rəhimov Dua Lipanın apreldə Bakıya gəlişinə belə münasibət bildirib: “Dünya musiqisinin ən istedadlı sənətçilərindən birinin builki yarışımızın bağlanış konsertində iştirakı bizi çox sevindirir. Dua Lipanın musiqi dünyasında sürətlə yüksəlməsinə, o cümlədən onun bu il Britaniyada böyük mükafatlar qazanmasına şahid olmaq olduqca həyəcanvericidir. Bakıda ardıcıl olaraq sayca 3-cü dəfə keçiriləcək Azərbaycan Qran Prisinin bağlanış mərasimini ən gözəl şəkildə qeyd etmək və gərgin mübarizə və əyləncə ilə dolu unudulmaz yarış həftəsonundan sonra tamaşaçılarla xoş təəssüratlarla sağollaşmaq üçün Dua ən uyğun seçimdir. Aprelin 29-u Kristal Zalda baş tutacaq konserti səbirsizliklə gözləyirəm. Bizimlə birlikdə olmaq üçün biletlərinizi indidən əldə etməyə tələsin”.

Müəllif: Natiq NƏSİROV