DÇ-2016: İSLAM ABBASOV DÜNYA ÇEMPİONU OLDU

ESTAFET/ Avqustun 30-dan Fransanın Makon şəhərində start götürən güləş üzrə Gənclər arasında Dünya çempionatı davam edir. Bu gün Yunan-Roma stilində güləşən pəhləvanlar arasında münasibətlərə aydınlıq gəlib.
Azərbaycan "klassiklərin" yarışında 8 güləşçi ilə təmsil olunurdu. Zeynalov Ziyad (50 kq), Babayev Nofəl (55 kq), Rəhmanov Mikayıl (60 kq), Dadov İslambek (66 kq), Dibirov Zubair (74 kq), Abbasov İslam (84 kq), Şamilov Nizami (96 kq) və İsrafilov Həmzətxan (120 kq).
Təmsilçilərimizdən yalnız ikisi mükafatçılar sırasında yer ala bilib.
66 kq
Bu çəki dərəcəsində güləşən Dadov İslambek ardıcıl olaraq Türkmənistan, Rumıniya və Qırğızıstan təmsilçilərinə qalib gələrək yarımfinala çıxıb. Lakin burada Qazaxıstan idmançısına məğlub olan İslambek daha sonra 3-cü yer üçün güləşib. erməni rəqibi Malxas Amoyanı məğlub edən İslambek Dünya çempionatının bürünc medalına sahib olub.
84 kq
Orta ağır çəkidəki pəhləvanımız İslam Abbasov Avstriya, İran və Rusiya güləşçilərini məğlub edərək finala vəsiqə qazanıb. Finalda İslamın rəqibi türk Ali Cengiz olub. Görüşdə ilk hissə 1-1 bərabərə yekunlaşıb. İkinci hissəyə aktiv başlayan İslam 2 xallıq fəndlə önə keçir. Türk güləşçinin yalnız 1 xal qazanmağa gücü çatdı və islam Dünya Çempionu titulunu qazandı.
