Gülhüseyn Abdullayevdən üçqat qələbə

ESTAFET/ Avtoidmanda olan nadir təmsilçilərimizdən Gülhüseyn Abdullayev keçən həftəsonu Tuzlada təşkil olunmuş mötəbər turnirin qalibi olub.

 

Keçən il dünyasını dəyişmiş Berat Türkerin xatirəsinə həsr olunmuş turnirə ölkənin adlı-sanlı sürücüləri qatılıblar. Turnir Türkiyənin Avtoidman Federasiyası ilə birlikdə Tuzla Avtoidman Klubu tərəfindən təşkil olunub. Hazırda mövsümlərarası fasilədən tam faydalanmaq məqsədilə Gülhüseyn Abdullayev dostunun xatirəsinə həsr olunmuş türnirdə gücünü sınamaq qərarına gəlib.

 

DD2 kateqoriyasından (mexaniki ötürmələr qutulu kartlar) olan yarışda iki yarımfinal mərhələsi olub. Sıralanma turunda poulda cəmi 0.002 saniyə uduzan həmyerlimiz hər iki yarımfinal yarışında qələbə qazanmaqla finala yüksəlib. Finalda isə pouldan start alan həmyerlimiz rəqiblərinə heç bir şans verməyib. Beləliklə, Gülhüseyn dostunun xatirəsini 3 qələbə ilə yad edib.

 

Gülhüseyn Abdullayev: “Hazırda Asiyada müxtəlif yarışlara qatılmaqla, fiziki formamı təkmilləşdirirəm. Əbu Dabidə qazandığım qələbədən sonra ikinci vətənim Türkiyəyə gəlmək xoş oldu. Vaxtılə bir çox yarışlarda mübarizə apardığım dostum Beratın xatirəsinə ilk dəfə təşkil olunan turnirin ilk qalibi olmağı çox arzu edirdim. Hər 3 yarışda qalib gəlmək mənim üçün gözlənilməz oldu. Amma bir daha yaxşı formada olduğumu sübut etdim. Hələ çempionatın startına çox var, ona görə də imkan daxilində belə yarışlara qatılıb maksimum nəticə göstərməyə çalışacam." 

 

Mənbə: F-1.az

Müəllif: Orxan NOVRUZOV