"Bu çox həyəcanverici məqamdır": Arif Rəhimov

ESTAFET/ 2018-ci il Formula 1 üzrə Dünya çempionatının Azərbaycan Qran Prisi mərhələsində şənbə günü yaddaqalan bir gün olacaq. Belə ki, 28 aprel tarixində keçiriləcək sıralama turundan sonra axşam saatlarında dünyaca ünlü ifaçı Kristina Aqileranın möhtəşəm konserti baş tutacaq.

 

BŞH icraçı direktoru Arif Rəhimov Aqileranın yarış ərəfəsində Bakıda konsert verəcəyi xəbərinə çox sevindiyini bildirib:

 

“Kristina Aqileranın 2018 Formula 1 Azərbaycan Qran Prisinin yarış həftəsonunun şənbə günündə Bakıda konsert proqramı ilə çıxış edəcəyi xəbəri bizi çox sevindirdi. O həqiqətən də superstardır və musiqi tarixində ən çox dinlənən mahnılardan bir neçəsinin valehedici ifaçısıdır. Gərgin mübarizə ilə keçən sıralanma turundan sonra onun Kristal Zalda avtoidman həvəskarlarının qarşısına çıxaraq ən məşhur ifalarını səsləndirməsi bizim üçün böyük bir ayrıcalıqdır və eyni zamanda çox həyəcanverici məqamdır. İnanıram ki, onun Azərbaycandakı azarkeşləri səbrsizliklə bu anı gözləyirlər və mən fürsətdən istifadə edərək Kristina Aqileranın bütün sevənlərini ilin ən baxımlı və əyləncəli yarış həftəsonunu bizimlə birlikdə keçirməyə dəvət edirəm. Bu konsert proqramı yarış həftəsonları arasında ən mükəmməl şənbə günü ab-havası yaradacaq. Hamıya müraciətim eyni olaraq qalır: biletlər varkən almağa tələsin və 27-29 aprel tarixlərində Bakıda bizimlə birlikdə olun!”


Qeyd edək ki, bütün bilet sahibləri konsertlərdə pulsuz iştirak edə biləcəklər. Həmçinin tamaşaçıların Bakı Şəhər Halqasından Kristal Zala rahat gediş-gəlişi üçün xüsusi avtobuslar xidmət göstərəcək.


Yalnız dördgünlük bilet sahibləri aprelin 26-da baş tutacaq Pit Yolu Gəzintisində iştirak edə biləcəklər. Bundan başqa, bütün tamaşaçılar gün ərzində pilotların iştirakı ilə keçiriləcək avtoqraf sessiyalarında, həmçinin paytaxt Bakının gözoxşayan mənzərəyə sahib dənizkənarı bulvarı boyunca uzanan əyləncə zonasında müxtəlif əyləncəli proqramlarda iştirak edərək yarış həftəsonunundan hərtərəfli zövq ala biləcəklər.

Müəllif: Bəhruz MƏMMƏDOV