Vüqar Həşimov Memorialında iştirakçı dəyişikliyi baş verib

ESTAFET/ Azərbaycanın dünya şöhrətli mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə keçirilən ənənəvi “Shamkir Chess-2018” superturnirində iştirakçıların siyahısında dəyişiklik edilib.

 

Rusiyalı şahmatçı, sabiq dünya çempionu Vladimir Kramnik təşkilat komitəsinə məktub ünvanlayaraq, Berlində keçirilən iddiaçılar turnirindən sonra istirahətə ehtiyacı olduğunu qeyd edib və onun başqası ilə əvəz olunmasını xahiş edib. Kramnik yarış iştirakçılarına uğurlar arzulayıb, növbəti illərdə bu yarışa böyük məmnuniyyətlə qatılacağını bildirib.

 

Onun əvəzinə isə ölkəmizə Polşa millisinin üzvü Radoslav Voytaşek (2744) səfər edəcək. Tədbirin təntənəli açılışı aprelin 18-də Şəmkirin Heydər Əliyev Mərkəzində keçiriləcək. İsveçrə sistemi üzrə 9 turdan yarışa ayın 28-də yekun vurulacaq. 

Müəllif: Natiq NƏSİROV