Növbəti cüdo zalının açılışı olub

ESTAFET/ Azərbaycan Cüdo Federasiyasının qarşısında duran prioritet məsələlərdən biri də ölkəmizdə bu idman növünün kütləviliyi və inkişaf etdirilməsidir. Federasiyanın dəstəyi ilə respublikamızın müxtəlif bölgələrində cüdo zalları yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, kiçik yaşlı yeniyetmələrə kimanolar verilib, mütəxəssislər və məşqçilər işlə təmin olunublar. Artıq ölkəmizin bütün regionlarında cüdo üzrə zona birincilikləri keçirilib, perespektivli yeniyetmələr ölkə çempionatlarında mübarizə aparıblar.

 

Azərbaycan Cüdo Federasiyasının rəsmiləri bu dəfə Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən Kaspi Liseyində olublar. Şagirdlərlə görüşdə çıxış edənlər ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq, cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar. Kaspi Liseyinin rəhbərliyi göstərilən diqqət və qayğıya görə Azərbaycan Cüdo Federasiyasına təşəkkürünü bildirib. Məktəblilərə kimanolar təqdim olunub, onlara uğurlar arzulanıb. 

Müəllif: Orxan NOVRUZOV