MƏMMƏDYAROVDAN MÖHTƏŞƏM START

ESTAFET/ Xəbər verdiyimiz kimi, şahmat yığmamızın lideri Şəhriyar Məmmədyarov ənənəvi "Memorial Mixail Tal" superturnirində iştirak etmək üçün Moskva şəhərindədir. Turnir 26 sentyabr - 6 oktyabr tarixlərində keçiriləcək.
Bu gün turnirin iştirakçıları əsas turnirin püşkünün müəyyən edilməsi üçün blits turnirdə mübarizə aparıblar. Keçirilən 9 turun yekununda 6 qələbə və 3 heç-heçə ilə 7.5 xal toplayan Şəhriyar 2 xallıq fərqlə blits turnirin qalibi olub. Bu isə o deməkdir ki, əsas turnirin puşkatmasında zəka ustamız əlverişli mövqe əldə edəcək.
Qeyd edək ki, bu nəticə ilə Şəhriyar blits reytinqinə 65 xal əlavə edərək, reytinqini 2813 xala yüksəldib. 20 pillə yüksələn şahmatçımız hazırda dünya blits reytinqində 8-ci sırada qərarlaşıb.
