"Qarabağ"dan növbəti transfer

ESTAFET/ 2018/19-cu illər mövsümünün hazırlıqlarını davam etdirən “Qarabağ”ımız bu dəfə qapı xəttini gücləndirib.

 

Komandamız İslandiya yığmasının qapıçısı Hannes Tur Halldorssonla iki illik müqavilə bağlayıb. Komandamızın Avstriyada davam edən təlim-məşq toplanışına yollanan qolkiper tibbi müayinədən keçdikdən sonra rəsmi kontrakta qol çəkib.

 

Yeni transferimiz karyerasına 2009-cu ildə ölkəsinin “Fram” klubunda başlayıb. Qolkiper daha sonra "KR" (İslandiya), "Brann" (Norveç), "Sandnes" (Norveç), NEK (Hollandiya), "Bodo/Qlimt" (Norveç) klublarında forma geyinib. Qolkiper son olaraq Danimarkanın “Randers” klubunda çıxış edib və bu klubda 69 matçda meydana çıxıb.

 

Hannes 2012-ci ildən milli komandasının heyətinə dəvət alıb və 52 oyunda meydanda olub. 2016-ci ildə Avropa Çempionatının final mərhələsində çıxış edib.Burada da İslandiyanın oynadığı 5 oyunun hamısında çərçivəni qoruyub.

 

Halldorsson DÇ-2018 seçmə mərhələsi çərçivəsində 9 oyunda meydana çıxıb və komandası DÇ-2018-in final mərhələsinə vəsiqə qazanıb. Dünya çempionatının qrup mərhələsində hər 3 oyunda meydanda olub və bu oyunlar zamanı 1 penalti qurtarmaqla diqqət mərkəzinə düşüb. 

Müəllif: Natiq NƏSİROV