"Erkən qol vura bilsək...": "Uypeşt"in hücumçusu

ESTAFET/ “Növbəti mərhələdə “Sevilya”nın gözləməsi bizə əlavə stimul verir. Ulduz futbolçuları Budapeştə gətirmək niyyətindəyik”. Bu sözləri “Uypeşt”in hücumçusu Soma Novotnı deyib.

 

24 yaşlı futbolçu dünən təşkil edilən mətbuat konfransında Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək oyun barədə fikirlərini bildirib. Novotnı viza problemi ucbatından Bakıdakı qarşılaşmanı buraxan Obinya Nvobodo və Alassane Diallonun cavab qarşılaşmasındakı iştirakının onlar üçün vacib olduğunu söyləyib.

 

Forvard məqsədlərinin erkən qol vurmaq olduğunu da gizlətməyib: “Nvobodo və Diallonun bu gün meydana çıxması bizim üçün üstünlük ola bilər. Onlar bir-birilərini çox yaxşı başa düşürlər və komandaya faydalı olurlar. Sürətli, enerjili oyun sayəsində digər futbolçuları da rahatladırlar. Bu qarşılaşmada nə qədər tez hesabı açsaq, bir o qədər yaxşıdı. Erkən qol vura bilsək, rəqibin oyun intizamı pozulacaq”.

 

Qeyd edək ki, Bakıda 1:3 hesabı ilə məğlub olan “Uypeşt” bu gün cavab matçında “Neftçi”ni Budapeştdə qəbul edəcək. 

 

Mənbə: APASport

Müəllif: Bəhruz MƏMMƏDOV