Təmsilçilərimiz uğursuzluğa davam edir

ESTAFET/ Çinin Usi şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatı davam edir. Turnirin ikinci yarış günündə daha iki təmsilçimiz mübarizəyə qoşulub.

 

Şpaqaçılarımızdan Kənan Əliyev qrup mərhələsində keçirdiyi görüşlərdə Misir, Sinqapur və Polşadan olan rəqiblərinə uduzsa da, BƏƏ və Tailand təmsilçiləri üzərində qələbə qazanıb. Kənan növbəti mərhədə qrupda məğlub olduğu sinqapurlu Samson Liyə uduzub. İlk dəfə böyüklərin dünya çempionatına qatılan Barat Quliyev isə yarışı qələbəsiz başa vurub. Şpaqaçımızın qrupda rəqibləri İsrail, Argentina, İsveç, Polşa və Koreya Respublikası təmsilçiləri olub.

 

Sabah sablya üzrə qadınlardan ibarət milli komandamızın üzvləri Səbinə Kərimova, Sevil və Sevinc Bünyatova bacıları qadınların şəxsi yarışında mübarizəyə başlayacaq.

Müəllif: Natiq NƏSİROV