Elvin Şükürzadə Avropa birinciliyindəki medal hesabımızı açdı

ESTAFET/ İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

 

Millimizin üzvlərindən Elvin Şükürzadə yaşı 15-ə qədər olan oğlanlarda 50 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

 

Atletimiz birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib və 78 kq nəticə ilə bu hərəkətdə Avropa birinciliyinin kiçik gümüş medalçısı adını qazanıb.

 

Təkanla qaldırma hərəkətində Elvin 95 kq çəkinin öhdəsindən gələ bilib. Bununla o, bu hərəkətdə 6-cı olub.

 

Toplam 173 kq (78+95) nəticə ilə Şükürzadə Avropa birinciliyinin yekun sıralamasında 4-cü yeri tutub. Onu medaldan cəmi 1 kq ayırıb. 

Müəllif: Orxan NOVRUZOV