"Biz daha yaxşı komandayıq": Halldorsson

ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda evdə Belarusun BATE klubuna 0:1 hesabı ilə məğlub olan "Qarabağ"ın qapıçısı Hannes Halldorsson matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. İslandiyalı qolkiper öncə görüş barədə fikirlərini bölüşüb.

 

- Çətin oyun oldu. Rəqib sürətli əks-hücumlar təşkil edirdi. Təəssüf ki, qolu onlar vurdu, biz isə fərqlənə bilmədik. Bu da işimizi çətinləşdirdi. Ancaq hələ heç nə bitməyib. Cavab qarşılaşmasına hazırlaşacağıq və qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.

 

- Səfər oyunu daha çətin olacaq. Şanslarınızı necə dəyərləndirirsən?

- Əlbəttə, bizi Belarusda çətin qarşılaşma gözləyir. Rəqibin hesabda üstünlüyü var. Ancaq uduzmaq istəmirik. Hücumlar edəcəyik və istədiyimiz nəticəyə nail olmağa çalışacağıq. Mərhələ adlamaq şanslarımız qalır.

 

- "Qarabağ"da debütün idi. Təəssüratların necədi?

- İnanılmaz. Uduzmağımıza baxmayaraq, azarkeşlər dəstək olurdu. Burada ilk oyunum idi və qarşılaşmadan həzz aldım. Stadionda ab-hava sadəcə, möhtəşəm idi.

 

- Səncə, BATE "Qarabağ”dan güclü komandadı?

- Məncə, biz daha yaxşı komandayıq. Yenilməyimizə baxmayaraq, şanslar bərabərdi. Səfərdə vuracağımız bir qol hər şeyi dəyişə bilər. Düşünürəm ki, bütün suallara cavab matçında aydınlıq gələcək və növbəti mərhələyə biz adlayacağıq. 

Müəllif: Bəhruz MƏMMƏDOV