PFL və "Zirə" çempionun xahişini yerə salmadı

ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında (TPL) 2018/19 mövsümünə start təxirə düşür. Belə ki, əvvəlcədən müəyyən edilmiş təqvimə görə mövsümə avqustun 10-da start verilməli idi. Lakin həmin gündə keçirilməli olan "Qarabağ" - "Zirə" görüşü birincilərin xahişi səbəbilə təxirə salınıb.

 

Ağdam təmsilçisi Çempionlar Liqasında Belarus BATE-si ilə keçirəcəyi III təsnifat mərhələsinin cavab görüşünə daha yaxşı hazırlaşmaq istəyi ilə əlaqədar təxirəsalınmanı istəyir. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıdakı matçdan sonrakı mətbuat konfransında bu haqda bildirmişdi. Təcrübəli mütəxəssis jurnalistlərə öncədən belə fikirinin olmadığını və qərarı ilk görüşdən sonra verdiyini deyib. 

 

"Zirə"nin baş məşqçisi Ayxan Abbasov hələ belə müraciət almadıqlarını bildirib: "Bunun üçün "Qarabağ" ilk olaraq PFL-ə müraciət etməlidi, PFL də bizə. "Qarabağ"ın istəyinə normal yanaşırıq. Komanda 1 həftə sonra səfərdə keçirəcəyi cavab qarşılaşmasına daha yaxşı hazırlaşmaq istəyir. Belə praktika əvvəl də olub. Klublarımız bir-birinə kömək ediblər və etməlidi. Avrokuboklarda ölkəmizi təmsil edən komandanın maraqlarını nəzərə almalıyıq. Ona görə belə müraciətə normal yanaşırıq. Təxirəsalma olarsa, biz də planlarımızı dəyişib ikinci tura hazırlaşarıq".

 

PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev də məsələylə bağlı problemin yaşanmayacağını bildirdi: "Hələlik quruma rəsmi müraciət olunmayıb. Ancaq Qurban Qurbanovun dünənki mətbuat konfransında səsləndirdiyi fikirlərdən xəbərimiz var. Belə bir müraciət olarsa və "Zirə" etiraz etməzsə, PFL tərəfdən heç bir maneə yaradılmayacaq.

 

Qeyd edək ki, "Qarabağ" - "Zirə" matçı təxirə salınsa, açılış oyunu avqustun 11-də saat 20:00-da "Dalğa Arena"da "Sumqayıt" və "Neftçi" arasında keçiriləcək. Ayxan Abbasovun komandası isə II turda avqustun 18-də "Keşlə"ni qonaq edəcək.  

 

Mənbə: Sport24

Müəllif: Orxan NOVRUZOV