Ezmi Xarkov turnirinin əsas mərhələsində

ESTAFET/ Bu gün Ukraynanın Xarkov şəhərində badminton üzrə "RSL Kharkiv International 2018" turnirinə start verilib. Təsnifat mərhələsinin ilk turundan azad olan Ezmi Qovimuramadhoni ikinci turda ukraynalı Artyom Tkaçuk üzərində 2:0 (21-6, 21-11) hesablı qələbə qazanıb. Badmintonçumuz əsas mərhələyə yüksəlmək uğrunda növbəti görüşünü Estoniya təmsilçisi Karl Kertə qarşı keçirib. Rəqibini 2:0 (21-19, 21-17) hesabı ilə məğlub edən Ezmi yarışın 1/32 finalına yüksəlib. Təmsilçimizin bu mərhələdə rəqibi polşalı Mateuz Svierzinski olacaq. Reytinqi yüksək olduğundan turnirə birbaşa əsas mərhələdən qoşulacaq Edi Reski Dviçayo isə ilk görüşünü polşalı Mixal Roqalskiyə qarşı keçirəcək. Edi - Ezmi tandemi qoşa yarışlarda İsrail təmsilçiləri Şay Geffen - Yonatan Levit cütü ilə üz-üzə gələcək. Medallar uğrunda 35 ölkədən 202 idmançının yarışdığı "RSL Kharkiv International 2018" turnirinə sentyabrın 2-də yekun vurulacaq. 

Müəllif: Məsim MƏSİMZADƏ