"Bəzi matçlardan sonra getmək istəmişdim": Ayxan Abbasov

ESTAFET/ Avqustun 28-də "Zirə" klubunun istefa vermiş keçmiş baş məşqçisi Ayxan Abbasov sport24.az saytına geniş müsahibə verib. Müsahibəni diqqətinizə təqdim edirik. 

 

- İki ilə yaxın davam edən “Zirə” karyeranıza arxaya baxaraq boylananda, nə alındı, nə alınmadı?
- Əlbəttə, bir məşqçi kimi işində hər şey mükəmməl ola bilməz. Amma baş məşqçi kimi ilk addımım idi və bunu “Zirə”də başlayanda qarşıya qoyulan məqsəd 4-cü yer tutmaq, Avropa Liqasına qatılmaq idi. Vəsiqəni qazandıq və bu, mənim üçün böyük nailiyyət idi. Beynəlxalq təcrübə qazamdım. Bundan sonrakı mövsümdə də çətin oyunlar oldu. Yenə 4-cü yeri tutduq, ancaq bu dəfə Avroliqaya vəsiqə qazana bilmədik. Bu iki mövsümə baxsaq, ağır, gərgin oyunlar, təzyiqlər mənim bir məşqçi kimi bərkiməyimdə böyük rol oynadı. Ümumən götürsək, məncə, pis alınmadı.

 

- Ötən mövsüm qış fasiləsindən sonra “Zirə”nin 11 oyunluq qələbəsiz seriyası oldu, ancaq Ayxan Abbasov postundan ayrılmadı. Bu dəfə mövsüm yeni başlamışdı. Cəmi 2 oyun keçirəndən sonra getməyə qərar verdiniz. Heç inandırıcı görünmür ki, 2 oyunun nəticəsinə görə postunuzdan ayrıldınız...
- Keçən il sizinlə də söhbətdə demişdim ki, bəzi matçlardan sonra getmək istəmişdim. Çünki oyun vardı, komanda xoş təsir bağışlayırdı, ancaq nələrsə çatmırdı. Və ya hər şey üst-üstə gəlirdi. O komandaya inanırdım, bilirdim ki, bir oyun qalib gəlsək, ardı gələcək. Həqiqətən elə oldu, ancaq gec. Hardasa bir qarşılaşma çatmadı. Digər tərəfdən, bu il düzdür, bizim üçün iki tur keçmişdi, çempionat qabaqda idi. Yaxşı komandadı, yaxşı futboluları var. İki oyundakı nəticələr o demək deyildi ki, “Zirə” bu mövsüm zəif çıxış edəcək. Bununla qətiyyən razı deyiləm. Həm kollektiv, həm də futbolçu heyəti olaraq bu gün iddialı rəqabət aparmağa layiq komandadı. Düzdür, əksiklər də var, yeni baş məşqçi bunu daha yaxşı biləcək. Məncə, getməyin vaxtı idi. Bunu özüm də analiz etmişdim. Bəzi səbəblər vardı ki, bunu rəhbərliklə də danışdıq. Məncə, belə getmək daha məqsədəuyğun idi.

 

- Baş məşqçi dəyişikliyinin daha məqsədəuyğun vaxtı adətən mövsümün sonu, ən pis halda qış fasiləsində olur. Yaranmış süni fasilə Samir Abasovun yeni komanda formalaşdırmasına yardımçı ola bilməz. Real vəziyyət budu...
- Yox, əlbəttə, reallıq var. Düzdür, bu qısa vaxtda transfer etmək də çətin olar. Yəqin ki, Samir Abasov yaxşı düşünüb gəlib. Çünki öz qurduğu komanda olmayacaq, bu işi davam etdirmək lazımdı. Yenə deyirəm ki, çətin olacaq. Ancaq inanıram ki, pis komanda deyil. Mənə gəlincə, bəlkə gələn matçlar daha yaxşı da ola bilərdi, daha pis də. Bu qərarı verdim və inanıram ki, düzgün addım atmışam.

 

- Ayxan Abbasov avrokuboklarda debüt edən komandayla mərhələ adlamaqla futbolumuzda iz buraxdı. Artıq “Zirə”də olmasa da, “Zirə”nin tarixində imza atdı. Bundan sonra necə olacaq?
- Məşqçilik karyeranda işsiz də qala bilərsən, daim işləyə də. İnşallah, yaxşı olar. Hələ yeni ayrılmışıq, gələcəkdə nə olacağını da bilmirəm. Allahın köməyilə inanıram ki, yaxşı olar. Amma hələ ki, istirahətdəyəm.

 

- Premyer Liqada baş məşqçi olmuş Ayxan Abbasov yenidən əvəzedicilərdə, uşaq futbolunda çalışmaq təklif olsa, qəbul edərmi? Yoxsa bunu geriyə addım sayaraq, intina edərsiniz?
- Bilirsiniz, məncə, iş təklifində potensiala üstünlük vermək lazımdı. Yəni, gələcəkdə səni nə gözləyir. Bu gün heç kimi qınamaq olmaz. Həqiqətən hərə dolanışıq üçün bir iş tapmaq istəyir. Amma bu gün savadlanmağa çox önəm vermək lazımdı. Hər kəs məşqçiləri tənqid edir, işləmək çətindi. Ancaq reallığa baxsaq, məşqçilərin savadlanması, inkişaf etməsi üçün bu gün böyük addımlar atılmır. Düzdür, bu gün Azərbaycanda məşqçi kursları təşkil olunur, biz də qatılırıq. Ancaq bununla kifayətlənirik. Məncə, tədrisi artırmaq lazımdı, çünki buna ehtiyacımız var. Digər tərəfdən, uşaq futbolunda işləməkdə qəbahət görmürəm. Onun özü də bir təcrübədi. Mən özüm uşaq futbolundan başlamışam, əvəzedicilərdə işləmişəm, köməkçi kimi çalışmışam. Bunları müqayisə edəndə, hərəsinin bir atmosferi var. Hər bir yerdən bir şey qazanırsan ki, bu da sənə kömək olur. Gələcəkdə hər şey ola bilər və bunu geriyə addım saymıram. Ola bilər ki, elə klub olacaq, onun böyük potensialı var, nəyisə vəd ecəcək. Hər şey ola bilər.

 

- Yəni sizə maraqlı gələcək...
- Maraqlı gələ bilər.

 

- Bu sualın ardı olaraq bir xatırlatmanı edək. Bir müddət əvvəl Premyer Liqa klublarının nəzdində fəaliyyət göstərən 14-16 yaşlı komandaları A və Pro kateqoriyalı mütəxəssislərin çalışdırması təşəbbüsünü irəli sürmüşdük...
- Düşünürəm ki, bu, çox effektiv olardı. Amma tək məşqçilərlə işi tamamlanmış hesab etmək düzgün deyil. Klubun futbola baxışı, yaratdığı şərait, yeniyetmə futbolçulardan nə istədikləri böyük önəm kəsb edir. Əgər klub rəhbərliyi bu sahəyə peşəkar münasibət bəsləmirsə, məşqçi nə qədər bilikli olursa-olsun, uğur gəlməyəcək. İlk növbədə klubun futbola baxış bucağı dəyişməlidi. Həqiqətən uşaq futbolunda çatışmazlıqlar çoxdu. Ola bilsin ki, B kateqoriyalı məşqçi olsun, lakin uşaq futbolunu əla bilsin. Hamı Premyer Liqada işləyə bilməz ki. Məsələn, PSV-nin düşərgəsində olduğumuz günlərdə heç vaxt unutmayacağım bir söz eşitdim: “Bizim ən yaxşı mütəxəssislərimiz, 9, 10 və 11 yaşlı uşaqlarla çalışır. Özü də həmin mütəxəssisləri heç vaxt dəyişmirik. Onları mükəmməl öyrətmişik. Futbolçunun bünövrəsi də məhz həmin yaşlarda qoyulur”. Bu gün bizdə həmin yaş qruplarında çalışan məşqçilərdə ola bilər hansısa qüsurlar var. Ancaq onları mükəmməlləşdirməliyik ki, gələcəkdə istedadlı uşaqlara düzgün yol göstərməyi bacarsınlar.

 

- “Zirə”nin baş məşqçisi postundan ayrılarkən, alternativ hansısa bir vəzifə təklifi almadınız?
- Xeyr. Doğrudu, əsas komandada köməkçi məşqçi işlədikdən sonra əvəzedici heyətdə çalışmışdım, Akademiyaya köməklik etmişdim. Ancaq bu dəfə təklif olsaydı da, ayrılacaqdım. Alternativ kimi müəyyən klublarda idman direktoru vəzifəsi təklif olunur. Lakin mən özümü həmin kresloda görmürəm. Əsas komandanın baş məşqçisi olduqdan sonra “Zirə”də başqa bir vəzifədə çalışmaq istəməzdim.

 

- Belə bir deyim var: “Heç vaxt “heç vaxt” demə”. Ancaq hiss edirəm ki, yenidən nə vaxtsa “Zirə”yə qayıdacağınıza inamınız qalmayıb...
- Bu, həyatdı. Düşünürəm ki, insan böyük-böyük danışmamalıdı. Hər şey ola bilər. Amma bugünkü gündə “Zirə” haqqında danışmaq istəmirəm. Çünki orda baş məşqçi var, “Zirə” sabiq komandamdı. Mən bu komandanın azarkeşiyəm. Həyatımın 3 ilini orda keçirmişəm. Birinci Diviziondan elitaya yüksəlməsini yaşamışam, gümüş medal qazandıqda o komandada olmuşam, ilk dəfə avrokuboklarda iştirak etmişik. Övladının ilk addımı insan üçün necə unudulmaz olursa, “Zirə” də mənim üçün elədi. Baxış bucağım isə belədi ki, getdiyin yer barədə danışmağa ehtiyac yoxdu. Çox sevinirəm ki, orda gözəl kollektiv formalaşıb. Həqiqətən ordakı məhəbbət pulla ölçülmürdü. Bəlkə də hansısa əməkdaşlarımıza digər komandalardan daha cəlbedici təkliflər var idi. Amma heç biri pula görə ürək verdikləri kollektivi dəyişmədilər. Ona görə də “Zirə”yə inanıram və ümid edirəm ki, uğurlu olarlar.

 

- “Sport24” tribunasından “Zirə”yə sözünüz?
- Sonda öz təşəkkürümü bildirmək istəyirəm. İlk növbədə kluba, sağ olsunlar mənə güvəndilər. İstefadan sonra ilk dəfədir mətbuata belə geniş danışıram, sizin sayt vasitəsilə bunu edirəm. Sizlərə minnətdarlığımı bildirirəm. Sizlərin timsalında işimi dəstəkləyənlər də oldu, tənqid edənlər də. Hətta təhqirə keçənlər də olub. Ancaq eybi yox, bununla da məşqçi kimi təzyiqləri öyrəndik. Hamıya təşəkkür edirəm. “Zirə”də mənimlə çalışan, məşqçilər, işçilər vardı, həqiqətən əziyyətləri olub, onlara təşəkkür edirəm. Samir Abasova uğurlar arzulayıram. İnşallah, gələcƏkdə qismət olar, başqa işlər haqda daışarıq. 

Müəllif: Estafet.az