"Bu, bizim üçün təhlükəli ola bilər": Bernard Şallan

ESTAFET/ "Bu komandada yalnız Millətlər Liqası üçün yox, gələcək üçün də çalışıram. Kosovonu 2 yaşlı körpə də adlandırmaq olar. Amma o, daim böyüyəcək və yaxşı gələcəyi olacaq". Bu sözləri Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında rəqibi olan Kosovo yığmasının baş məşqçisi Bernard Şallan Bakıya səfər öncəsi keçirdiyi mətbuat konfransında bildirib.

 

İsveçrəli mütəxəssis turnirin startı öncəsi onu narahat edən əsas məsələnin müdafiəçilərinin öz klublarında oynamaması olduğunu söyləyib: "Ona görə də təlim-məşq toplanışında hər bir futbolçunu diqqətlə izləyib, əsas heyətə layiq olanı meydana buraxmaq istəyirik. Digər tərəfdən, yoldaşlıq görüşlərindəki nəticələrə aldanmaq olmaz. Bu, bizim üçün təhlükəli ola bilər".

 

67 yaşlı çalışdırıcı sentyabrın 7-də qonağı olacağı millimizi də dəyərləndirib: "Azərbaycan yığması güclü və aqressiv komandadı. Hesab edirəm ki, bu qrupda birinci yeri tuta bilər. Ona görə də ehtiyatlı olmalıyıq. Bakıda mümkün olan hər şeyi edəcəyik".

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Kosovo oyunu saat 20:00-da başlayacaq.  

Müəllif: Orxan NOVRUZOV