"Digər yığmalar da bizim kimi düşünür": Qurban Qurbanov

ESTAFET/ "Deyə bilərik ki, Avropa çempionatının final mərhələsinə çıxmaq üçün əla şansımız var. Amma nəzərə alaq ki, turnirdə iştirak edən digər yığmalar da bizim kimi düşünür. Belə olan halda isə məsuliyyət daha da artır". Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov UEFA-nın rəsmi saytına açıqlamasında deyib.

 

Təcrübəli mütəxəssis Millətlər Liqası kimi turnirdə iştirakın onlar üçün də yenilik olduğunu söyləyib: "Hamı komandadan nəticə gözləyir. Ona görə də təzyiq həmişə olur. İndi hamı düşünür ki, Avropa çempionatına çıxmaq məhz Millətlər Liqasındakı matçlardan asılı olacaq. Baş məşqçi kimi isə mən turnirin bizim üçün ağır olacağını başa düşürəm. Üstəlik, hamının sizdən qələbə gözləməsi istər-istəməz həyəcan və məsuliyyəti artırır".

 

Qeyd edək ki, Millətlər Liqasına sentyabrın 7-də Kosovo ilə Bakı Olimpiya Stadionunda keçiriləcək matçla start verəcək Qurban Qurbanovun komandası bundan 3 gün sonra Maltanın qonağı olacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV