"İlk əngəli həmişə özümüzdə axtarmışam": Qurban Qurbanov

ESTAFET/ Millətlər Liqasının D Divizionunun ilk turu çərçivəsində sabah Kosovonu qəbul edəcək milli komandamızın baş məşqçisi Qurban Qurbanov (Q.Q.) mətbuat konfransı keçirib. 46 yaşlı mütəxəssislə yanaşı milli üzvləri Kamran Ağayev (K.A.) və Qara Qarayev (Q.Q.) də iştirak etdilər.

 

- (Q.Q.) Gəlişimdən sonra ilk rəsmi oyuna hazırlaşırıq. Neçə gündü komandayla birlikdəyik və rəqibi təhlil edirik. Pis hazırlıq keçməmişik. Futbolçularım istəklidi. Düşünürəm ki, futbolçularımızın hər biri ən yaxşı oyununu göstərməyə çalışacaq. Rəqibin son 3 oyununa baxmışıq. Oyunçularını təhlil etmişik və inanıram ki, sabah azarkeşlərimizi məzmunlu futbolla sevindirə biləcəyik.

 

- (K.A.) Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. İnşallah, uğurlu nəticə əldə edərik.

 

- (Q.Q.) Bu turnir əvvəlkilərdən fərqlənir. Sabahdan etibarən uğurlu çıxış edəcəyimizə çalışacağıq.

 

- Kosovonu necə məğlub etmək barədə düşünəndə ilk əngəl olaraq nəyi göstərə bilərsiniz?
- İlk əngəli həmişə özümüzdə axtarmışam. Başda mən olmaqla futbolçularımın da 90 dəqiqə ərzində düşündüyümüz futbolu sərgiləyə biləcəyimizdi. Daha bir problem bir çox futbolçumuzun oyun praktikası sarıdan korluq çəkməsidi. Götürək elə milliyə dəvət almayan Araz Abdullayevi. Elə Ramil Şeydayev və Dmitri Nazarovun da oyun praktikasının azlığı məni narahat edir. Buna baxmayaraq, futbolçularıma inanıram və göürəm ki, çox istəklidilər. Rəqiblərin fərdi ustalığı da göz qabağındadı. Biz buna hazırlaşmışıq. Bütün hallarda, bütün əngəlləri hiss etməmək üçün hər şey edəcəyik.

 

- Kosovo yığmasının heyətində yer alan futbolçular legioner həyatı yaşayır. Bu, yetirmələrinizə nə dərəcədə təsir göstərir?
- Biz də bunu görürük ki, rəqib futbolçular stabil oyun praktikası qazanıb, qollar vururlar. Bəli, fərdi xüsusiyyətləri bizi narahat edə bilər, ancaq bizim uşaqlar da yetərincə təcrübəlidilər və kollektiv oyunumuzun burda böyük rolu olacaq.

 

- Ölkə xaricində çıxış edən Riçard Almeyda və Ramil Şeydayevin formasından razısınız?
- Normaldılar. Amma əsasən Ramilin az oynaması məni narahat edir. Riçard isə oynayıb və pis deyil.

 

- Rəqib düşərgənin hücum xəttində tanınmış futbolçular yer alıb.
- (K.A.) Biz öz oyunumuzu düşünürük.

 

- Rəqib komandanın baş məşqçisi yığmamızı nəinki oyunun, hətta qrupun favoriti hesab etdiyini bildirib. Bu, yetirmələrinizdə arxayınçılıq yaratmaz ki?
- İnanmıram ki, bizdə arxayınçılıq yaşansın. Biz də rəqibimizi çox yüksək dəyərləndiririk.

 

- Sabah məcburi rotasiyalar gözlənilirmi?
- Ola bilər.

 

- Amil Yunanovu niyə dəvət etmədiniz?
- Oyun praktikası çox azdı. Amili izləyirdim və diqqət mərkəzimdə idi.

 

- “Qarabağ”lı futbolçulardan başqa heç bir oyunçu formada deyil. Bu, təsadüfdürmü?
- Hər bir futbolçunun zirvə nöqtəsi olur. Bu gün həmin oyunçuların performansı bir qədər aşağı düşüb.Bu gün məndə kənar fikirlər formalaşmamalıdı.

 

- Rəqib yarımmüdafiə və müdafiə xətti arasında dəhliz yaradıb və bundan istifadə etməyə çalışır. Buna qarşı taktiki gediş hazırlayırsınız, yoxsa rəqibi “öz musiqi sədalarınız altında rəqs etməyə” məcbur edəcəksiniz?
- Burda “kartları açmağım” düz olmaz. Rəqib aqressivdi, pressinq tətbiq edir, sürətli oyuna üstünlük verir. Biz də buna qarşı öz arqumentlərimizi nümayiş etdirməyə çalışacağıq.

 

- Qrup qalibi olmaq uğrunda əsas rəqibiniz Kosovodu?
- Əvvəllər də demişəm ki, biz bu turnirə dünyanın axırı kimi yanaşmamalıyıq. Kosovo isə həqiqətən də ciddi rəqibdir.

 

- Kamran, bu turnirə hansısa bir şüar, qafiyə təklif edə bilərsən?
- (Q.Q.) Kamran meyxanadan uzaqlaşır. Qoy, oyunlara motivasiya olsun.
- (K.A.) Gəlin, əvvəlcə nəticə qazanacaq, sonra şüar səsləndirərik. 

Müəllif: Bəhruz MƏMMƏDOV