"1 xal da 1 xaldı": Bernar Şalland

ESTAFET/ Kosovo millisinin baş məşqçisi Bernar Şalland UEFA Millətlər Liqasının ilk turunda Azərbaycan yığmasıyla səfərdə qolsuz bərabərliklə nəticələnən oyundan sonra mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis əvvəlcə Bakı Olimpiya Stadionundakı matçı dəyərləndirib.

 

- Oyunun nəticəsindən narazı deyiləm. İki fərqli tərzdə komanda oynadı. Düzdür, Azərbaycan millisi topla daha çox oynayırdı. Ancaq elə də təhlükəli vəziyyət yarada bilmədi. Riçard Almeyda kimi güclü yarımmüdafiəiçiniz var. Yaxşı müdafiə oluna bildik. Ancaq hücum xəttimizdən heç də razı deyiləm. Topu çox gecikdirirdik. Ancaq bilirəm ki, bundan daha yaxşısnı edə bilərik. Çünki komandamızın gücünü bilirilk.

 

- Bu, rəsmi matçdan çox yoldaşlıq görüşünə bənzəyirdi. Bunu nəylə əlaqələndirərdiniz?

- Fikrinizlə razı deyiləm. Mənim üçün yoldaşlıq görüşünə bənzəmirdi. Belə desək, hər iki komandaya qarşı hörmətsizlik olardı.

 

- Kosovo yığması son 3 matçdan fərqli oynadı, daha çox müdafiəyə diqqət yetirdi. Sanki bura 1 xal üçün gəlmişdiniz...

- Doğru qeyd etdiniz. Qısa, sürətli ötürmələrlə oynaya bilərdik. Ancaq rəqibin oyununu unutmayaq. Bizim üçün çətin qarşılaşma oldu.

 

- Oyundan öncə Azərbaycan yığmasını favorit adlandırırdınız. Ancaq indiki açıqlamalarınızdan görünür ki, qazandığınız 1 xaldan narazısınız...

- Fikrimdə qalıram ki, Azərbaycan yığması güclü komandadı. Rəqibin təhlükəli vəziyyətləri bzidən çox oldu. Kənardan möhtəşəm futbol görsənməyə bilər. Ancaq 1 xal da 1 xaldı. 

Müəllif: Məsim MƏSİMZADƏ