Gənc cüdoçuların dünya çempionatı başlayır

ESTAFET/ Bu gündən etibarən Baham adalarında cüdo üzrə gənc oğlanlar və qızlar arasında dünya çempionatına start veriləcək. Dünya çempionatında 67 ölkədən 426 (240 oğlan, 186 qız) cüdoçu mükafatlar uğrunda mübarizə aparacaq.

 

Azərbaycan bu mundialda ötənlərdən fərqli olaraq, daha az heyətlə təmsil olunur. Belə ki, millinin heyətinə cəmi 9 (6 oğlan, 3 qız) cüdoçu cəlb olunub. 

 

Baş məşqçi Elçin İsmayılov oğlanların yarışında Ağayev Balabəy, Əliyev Rövşən (55 kq), Hüseynov Kəramət (60 kq), Cəfərov Hasil (73 kq), Fətiyev Murad (81 kq) və Kərimli Adilə (100 kq)  şans verəcək. Millimiz 66, 90 və +100 kq çəki dərəcələrində təmsil olunmayacaq. 

 

Qızlarda isə Əliyeva Ramilə, Həmidova Şəfəq (44 kq) və İçinxorlu Munxtsedev mükafatlar üçün yarışacaqlar. 

Müəllif: Natiq NƏSİROV