"Çox ağırdı, yoruluram": Qurban Qurbanov

ESTAFET/ "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının VIII turunda "Səbail"ə evdə 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis əvvəlcə matç haqda danışıb.

 

- Danışmağa ehtiyac yoxdu. Hər şey bəllidi. Neçə vaxtdı futbolçular bir yerdə deyildilər və uzun fasilədən sonra oynadıq. Texniki səhvdən xəbəriniz var. "Səbail"i təbrik edirəm bu 3 xala görə.

 

- Səhv edilən anda futbolçuların bundan xəbəri vardı?

- Yox.

 

- Bu səhvə görə məxsul şəxs, günahkar kimdi?

- Kim protokolu yazsa da, hamı buna baxmalıdı. Eləcə də hakimlər. Əlbəttə, ən böyük günah bizdədi. 22 nəfərlik yerdə 23 nəfər oturubsa, deməli, biri artıqdı. Hakimlər də diqqətli olmalıdı. Hamı yoxlamalıdı. Bundan sonra köməkçilərim daha diqqətli olmalıdı. İstəmərəm ki, digər klublarda da bu aqibət olsun. Hamımız əziyyət çəkirik, ancaq bir xətaya görə məğlubiyyət alırıq. Məğlubiyyətin əvəzini çıxmaq olar. Ancaq futbolçuların əziyyətinə adamın heyfi gəlir. Ən çox özümüz diqqətli olmalıyıq. 18 nəfərlik protokol olanda, daha rahat olurdu. Ancaq 23 nəfər olanda aləm dəyir bir-birinə. Peşəkar klubuq və hər bir məsuliyyətli şəxs bu xətaya yol vermələlidi. Razıyam, bizə texniki məğlubiyyət versinlər, ancaq qarşıda kimdə belə şey olsa, bunun verilməsinin tərəfdarı deyiləm. Belə olarsa, şad olaram.

 

- "Qarabağ" 2-ci dəfədi texniki səhvə görə məğlubiyyət alır. İlk dəfə Riçard Almeyda pozmuşdu. Görünür, dərs çıxarılmayıb..

- Onda legioner limitni pozmuşduq. Əvəzetmə zamanı yerləri səhv salmışdıq. Bu, fərqli idi. İndi də belə səhv oldu, bu qədərdi, belə şeylərə inanıram. Rəşad Sadıqovu 66-cı dəqiqədən sonra əvəzləməyi fikirləşirdik. Çünki zədədən sonra xeyli vaxtdı oynamırdı. Abbası onsuz da meydana buraxmaq fikrində idik.

 

- "Vorskla"yla oyun qabağı müdafiənin mərkəzi sual doğurur. Məsələn, Rahil Məmmədov bu gün oynamadı.

- Kubanın da, Rəşadın oynamasına ehtiyac vardı. Ona görə bu gün müdafiənin mərkəzində onlara şanslara verdik. Rahil də millidə az oynamayıb. Çalışıram ki, həmişə balansı qoruyum.

 

- "Neftçi" də bu turda uduzdu. Texniki məğlubiyyətdən sonra rəqibiniz yenə 1-ci yerdə olacaq. Növbəti turda da məhz "Neftçi"ylə oynacaqsınız ki, bu da intriqanı artırır.

- Açığı, indi heç bir fikir bildirə bilməyəcəm. Bu texniki səhv də bizə hələ təsir edir. Özümü tez ələ almalıyam ki, futbolçuları növbəti matça kökləyə bilim. Onlar da üzgün idilər. Paltardəyişmə otağında 3 dəqiqə söhbətimiz oldu. Onları "Vorskla"yla oyuna motivasiya etməyə çalışacam. Qarşıdakı proqramımız ağırdı, 3 gündən bir oynamalıyıq. Buna görə futboluları oyundan-oyuna düzgün hazırlamağım qalır. Heç oyun zamanı da fikirləşmirdim ki, "Neftçi" uduzub.

 

- Qoşunu döyüşə hazıylayan sərkərdə yüklənir?

- (gülür) Çox ağırdı, yoruluram. Ancaq futbolçulara bunu bildirməməliyəm. Yalnız işləmək məni həqiqətən yormaz. Ancaq bir texniki səhv adamın fikrini yayındırır, yorur. Təkcə bilsəm ki fikrim işdədi, yorulmaram. Məşq gedəndə əksinə, istirahət edirik, ləzzət alırıq.  

Müəllif: Estafet.az