"Hər oyun, hər bir davranışımız klubun imicin formalaşdırır": Marko Deviç

ESTAFET/ "Oyunun qırılma nöqtəsi "Sumqayıt"ın futbolçusunun qırmızı vərəqə alması oldu. Rəqibin azlıqda qalması bizə daha çox qol vəziyyəti yaratmağa kömək etdi. Onlardan birindən yararlandıq. Miloş Bosançiçi komandamızda ilk qolunu vurması və bizə qələbə qazandırmasına görə təbrik edirəm". Bunu "Sabah"in futbolçusu Marko Deviç Topaz Premyer Liqasının VIII turunda "Sumqayıt" üzərində 1:0 hesablı qələbədən sonra deyib. Cari mövsümün bombardiri jurnalistlərin suallarını cavablandırıb.

 

- "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov qırmızı vərəqə almazdan bir neçə dəqiqə öncə səni tutdu və aranızda mübahisə oldu. Növbəti epizodda sizə qarşı kobudluğa görə meydandan qovulması psixoloji baxımdan ona qarşı təzyiq göstərməyinizlə bağlıdı? Yəni, onu özündən çıxartdığınızı söyləmək olar?

- Məncə, bu, oyun xətası idi. Həmin epizodda vəziyyəti "oxudum" və üzərinə getdim. Nəticədə qapıçı ilə üzbəüz qalmamağım üçün qaydanı pozdu.

 

- Hazırda 5 qolla bombardirlik yarışında lidersən. Amma 4 oyundur qol vurmursan. Fərqlənə bilməməyini artıq rəqiblərin səni ciddiyə alması iıə əlaqələndirmək olar?

- Bütün epizodlardan maksimum istifadə etməyə çalışıram. Bu gün qələbə qazanmağımız sevindirir. Yəqin ki, qollar da gələcək. Önə baxmaq lazımdı. Təcrübə əsasən deyə bilərəm ki, daha çox işləmək lazımdı. "Sabah" Premyer Liqada yenidi. Komanda hələ yeni formalaşır.

 

- Şəxsi hədəfin bombardir olmaqdı?

- Məqsəd komandanın daha yaxşı çıxış etməsi və mümkün qədər üst pillələrdə yer almasıdı. Qollarımı davam etdirsəm, yaxşı olar. Vura bilməsəm, qorxulu heç nə yoxdu.

 

- Ancaq "Sabah"ın fəaliyyətinin 3 ili tamam olmadığı üçün komanda avrokubokda iştirak edə bilməz. Belə olan halda, 3 və ya 7-ci yeri tutmağınızın nə fərqi var?

- Önəmi var. Hər oyun, hər bir davranışımız klubun imicin formalaşdırır. 4-cü və ya 5-ci olmaq fərqli şeylərdi.

 

- "Sabah"la bu ilin yayında 2 illik müqavilə bağlamısan. Növbəti mövsümdə də bu komandada çıxış etmək istəyirsən?

- Bəli, növbəti mövsüm üçün də müqaviləm var. Futbolçu bu gün buradadı, sabah başqa yerdə. Necə olacağını görəcəyik. Sirr deyil ki, özümü burada yaxşı hiss edirəm və oynamaqdan zövq alıram. 

Müəllif: Estafet.az