"Onlar start fiti üçün alışıb-yanırdılar": Sənan Qurbanov

ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının VIII turu çərçivəsində evdə “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanan “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov mətbuat konfransı keçirib. Gənc mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb.

 

- Məğlubiyyətlər bizi təngə gətirmişdi. Yaxşı ki, fasilə yaranmışdı. Bir ailə olmağa çalışdıq. Yumruq kimi birləşdik. Bir qədər psixoloji gərginlik var idi. Həm futbolçularımızı, həm də azarkeşlərimizi təbrik edirəm.

 

- Bu, elə həmin futbolçular idi ki, ilk dövrədə ayaq sürüyürdülər. Nə dəyişdi?
- Bəlkə də “Zirə”ylə oyunda zəif oynamışdıq. Ancaq uşaqlar məğlubiyyətdən bezmişdilər. Dünən uşaqların gözlərini görmüşdüm. Bilirdim ki, onlar start fiti üçün alışıb-yanırdılar.


- Aqil Məmmədov start heyətində yer aldı və möhtəşəm oynadı. Dmitri Bezotosnı niyə yox idi?
- Aqili xüsusi təbrik edirəm. Öz saatını gözləyirdi və şansından istifadə etdi.

 

- Bu qələbə komandanız üçün dönüş nöqtəsi oldumu?
- Qarşımızda uzun bir marafon var. Bu oyuna görə sevinsək də, unudub yenidən başlamalıyıq. Hər bir oyuna ciddi yanaşmalıyıq.

 

- Təmkin 1 oyun oynayıb, 2 oyun buraxır...
- Bunu bəxtsizliklə əlaqələndirərdim. Ötən dəfə qırmızı vərəqəyə görə pul cəzası da kəsmişdik. Ancaq bu cür anlarda futbolçuya dəstək olmaq lazımdı. 

Müəllif: Estafet.az