İntizam Komitəsi cəzaları açıqladı

ESTAFET/ AFFA-nın inzibati binasında bu gün keçirilən İntizam Komitəsinin iclasında aşağıdakı qərarlar qəbul olunub.

 

Topaz Premyer Liqasının IX turunun “Sumqayıt” – “Qəbələ” matçında baş verənlər barədə İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

 

“Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

 

“Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

 

Oyunun 90+2-ci dəqiqəsində “Qəbələ” klubunun 10 №-li futbolçusu Rauf Əliyev ikinci sarı vərəqə aldığına görə, 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

 

Oyunun 90+2-ci dəqiqəsində “Qəbələ” klubunun 27 №-li futbolçusu Bəhlul Mustafazadəyə göstərilən qırmızı vərəqə ləğv olunur.

 

Oyunun hakiminin ciddi nöqsanlarını, düzgün olmayan qərarlarını və protokolda ciddi səhvlərə yol verməsini nəzərə alaraq oyunun hakimi haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırması Hakimlər Departamentinə tapşırılır.

 

Topaz Premyer Liqasının IX turunun “Səbail” – “Keşlə” matçının 49-cu dəqiqəsində “Səbail” klubunun 8 №-li futbolçusu Yevgeni Koçuk ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

 

Topaz Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” matçında “Neftçi” klubunun 5, “Qarabağ” klubunun 4 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunur (maddə 40).

 

Oyunun 58-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 52).

 

I Divizionun VIII turunun “Neftçi-2” – “Səbail-2” matçında “Neftçi-2” klubunun 4, “Səbail-2” klubunun 5 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur (maddə 40).

 

Oyunun 90+1-ci dəqiqəsində “Səbail” klubunun 38 №-li futbolçusu Rubin Seyidov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

 

“Neftçi-2” – “Səbail-2” matçında “Səbail-2” komandasının heyətində limit pozulub. Belə ki, turnirin reqlamentinə əsasən meydançada 2001 - ci il və ya daha gənc təvəllüdlü futbolçu olmalıdır. Lakin “Səbail-2” komandası oyunun 90+2 - ci dəqiqəsində 2001-ci il təvəllüdlü Ədilxan Qarəhmədovun yerinə meydançaya 1997-ci il təvəllüdlü Nazim Kərimlini buraxaraq limiti pozub. Bunu nəzərə alaraq İntizam Komitəsi oyunun nəticəsini ləğv edir və “Səbail-2” komandasına 0:3 hesablı texniki məğlubiyyət verir (maddə 97).

 

I Divizionun VIII turunun “Zaqatala” – “Sumqayıt-2” matçının 78-ci dəqiqəsində “Sumqayıt-2” klubunun 41 №-li futbolçusu Turan Manafov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

 

I Divizionun VIII turunun “Qaradağ Lökbatan” – “Şüvəlan” matçının 57-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Elçin Dərgahquliyev hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyun texniki zonadan kənarlaşdırılır, klub 400 manat cərimə olunur (maddə 42.5).

 

I Divizionun VIII turunun “Keşlə-2” – “Qarabağ-2” matçının 34-cü dəqiqəsində “Qarabağ-2” klubunun 63 №-li futbolçusu Ayhan Arazlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

 

I Divizionun VIII turunun MOİK – “Ağsu” matçının 89-cu dəqiqəsində MOİK klubunun 27 №-li futbolçusu Sadiq Ağazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

 

I Divizionun VIII turunun “Sabah-2” – “Zirə-2” matçı başa çatdıqdan sonra “Zirə-2” klubunun 22 №-li futbolçusu Milad Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

 

Oyun başa çatdıqdan sonra “Zirə-2” klubunun 54 №-li futbolçusu Hüseyn Əhmədov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur (maddə 42.3). 

Müəllif: Estafet.az