"İçəridə olan problemləri görürəm": Qurban Qurbanov

ESTAFET/ “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Keşlə"ylə 1:1 hesabıyla nəticələnən futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının 7-ci turundan təxirə salınmış səfər matçından sonra mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis əvvəlcə qarşılaşma haqda fikirlərini bölüşüb:


- Qələbə üçün gəlmişdik, ancaq alınmadı. Oyun planımızda bir az çətinliklər oldu. Bu meydançada oynamaq çətindi. Heyətdə dəyişiklər vardı. Maksimlə Donald zədəli idi. Yenə də futbolçular qalib gəlmək üçün çox əziyyət çəkdilər. Hiss olunur ki, yorğunluq artıb.

 

- Ansi də zədəli olmalıdı...
- Ansinin "Vorskla"yla matçadək sağalması çətindi. O, həmin rəqiblə matçdan öncə məşqdə əzələsini dartmışdı. Maksim oyunöncəsi məşqdə zədələnib. Onun Ukraynadakı matçadək sağalmasını indidən dəqiq deyə bilmərəm. Ola bilər ki, Donald Gerye həmin vaxtadək sağalsın. Düşünürəm ki, mərkəz müdafiəçilərimiz bu gün normal oynadılar.

 

- Bu yorğunluq böhrana çevrilə bilər?
- Neçə illərin komandasıyıq. Çox zaman olub ki, belə vəziyyətlərlə rastlaşmışıq. Məğlub ola-ola, bunları düzgün qəbul edərək bu səviyyəyə çıxmışıq. Hamımız bir olmalıyıq. İçəridə olan problemləri görürəm, bilirəm. Böhran həmişə yorğunluqdan sonra daha çox görünür. Təcrübəli komandayıq, başqa çıxış yolumuz yoxdu. Bu qrafikə alışmalıyıq. Meydanda daha çox əziyyət çəkməliyik.


- Tablo dəyişikliyinə görə birdən-birə etdiyiniz 2 əvəzləməniz yubandı....
- Futbolçularımız 79-cu dəqiqədən ordaydı. Beş dəqiqə yubanma oldu. Bilmədim ehtiyat hakim orda nə axtarırdı.

 

- Tərlan Əhmədov AZAL-da və "Neftçi"də 4 müdafiəçiylə oynayırdı. Onun 5 müdafiəçiylə oynaması gözlənilməz oldu?
- Açığı, yox. Ancaq az ehtimal edirdim ki, belə oynayacaq. Buna da hazırlaşmışdıq. Dəfərlərlə 5 müdafiəçiylə oynayan komandaya qarşı oynamışıq. "Keşlə" bu sistemlə ən yaxşı oynayan komandalardan biridi.

 

- Növbəti turda sürətli "Sumqayıt"la qarşılaşacaqsız. Ola bilər ki, bu dəfə işiniz daha çətin olsun?
- Ola bilər ki, olsun. Bütün oyunlar gərgin keçir. Futbolçulara yorğunluq barədə düşünməyi yaxın qoymayacam. Belə oyunlara alışmalıyıq, meydana daha da aqressiv çıxmalıyıq. Rəqibin futbolçularının ayrlıqda potensiallarına görə maraqlı oyun olacaq. Bu, təkcə Əfran İsmayılovla bağlı deyil. 

Müəllif: Bəhruz MƏMMƏDOV