"Heç vaxt o sözü deməmişəm": Tərlan Əhmədov

ESTAFET/ "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov "Qarabağ"la 1:1 hesabıyla başa çatan Topaz Premyer Liqasının 7-ci turundan təxirə salınmış ev qarşılaşmasından sonra mətbuat konfransı keçirib. 47 yaşlı çalışdırıcı əvvəlcə görüş haqda danışıb:

 

- Bacardığımız qədər çmüdafiədə səhvsiz oynamağa çalışdıq. Əks-hücumlarda rəqibi tutaraq qol vurmaq istədik. Daha yaxşı oyunu buraxdığımız qoldan sonra göstərdik. Bu, məni sevindirdi. Mübarizlik, istək vardı ki, bunlar da məni sevindirdi. Oyunun ədalətli nəticəsi də heç-heçə idi. Qarşıda 5 tur var. Bu 1 xal bizə motivasiya verir. Fasiləyədək olacaq 5 qarşılaşmada həm oyun, həm nəticə baxımından irəli getməyə çalışacağıq.

 

- Növbəti turda "Neftçi"ni qəbul edirsiniz. Bu, şəxsən sizin üçün prinsipial matç olacaq...
- Bilirəm bu sual niyə görədi. Məşqçi həyatı belədi ki, bu gün burdasan, sabah başqa yerdə. Mənim üçün təkcə "Neftçi"ylə yox, bütün rəqiblərlə qarşılaşmalar önəmlidi. Futbolçuların özü üçün də motivasiya olmalıdı. İntiqam hissiylə yaşamaq insanı həddən artıq kiçildir. Nə olub, tarixdə qaldı. Komanda meydana 3 xal üçün çıxacaq.

 

- Bu 1 xalı uğurlu start sayırsınız?
- Əlbəttə, 3 xal olsa, uğurlu start olardı. Hər xal qızıla bərabərdi. Xüsusilə liderlərlə. Start haqda fikirləşmirdim. Qısa müddət üçün gəlməmişik və məşqçinin işinə, mövsümün sonunda qiymət verilir. Bir məşqlə futbolçulara oyun sitemini tətbiq eməyə çalışdım və çox şeyi meydanda gördüm.

 

- Bərabərlik qolundan sonra 4 müdafiəçiylə oynamağa başladınız...
- Yox, həmin sistem qaldı. Slavik Alxasov həmin yerdə - müdafiənin sol cinahında oynadı. Hesab 0:1 olanda hücumu gücləndirmək haqda düşündüm. Ancaq 1:1 olanda fikrimi dəyişdim. Azər Salahlının zədələnməsi yerinə düşdü.

 

- Samir Məsimov qırmızı vərəqə alanda kəskin narazılığınız vardı. Konkret kimə idi?
- Samirə idi, çünki hakim heç vaxt qərarını dəyişdirmir. Buna görə də etirazını bildirməyə dəyməzdi.

 

- Komandanızda çatışmayan cəhətlər nə idi?
- Çox şey var. Qol epizodlarımız az idi ki, bu, məni narahat edir. Komanda topa çox sahib ola bilmir. Bir-birini sığortalamaq, mövqelər arasında əlaqə ürəyimcə deyil. Bunlar zamanla düzəlir. Ən önəmlisi az qol epizodu yaratmağımızd. Bu məni daha çox narahat edir.

 

- Məsimovun növbəti oyunda yoxluğu öz təsirini göstərəcək?
- Əlbəttə, hər bir futbolçunun yoxluğu önəmli itkidi. Ancaq düşümürəm ki, problem yaradacaq. İstəməzdik ki, indiki durumda hansısa futbolçunu itirək. Ancaq kim varsa, ondan istifadə etməyə çalışacağıq.

 

- Qapalı oynayacaq "Neftçi"yə qarşı necə mübarizə aparacaqsız?
- Bunu indi açıqlaya bilmirəm Çünki rəqibə bütün siqnalı verərəm. Həmişə futbolçulara deyirəm ki. rəqibi onun silahıyla vurmaq lazımdı. Bundan bir az da maraqlı oyun görəcəksiniz. Bu 1 xal futbolçulara əlavə motivasiya verdi. Biz də nəsə bir şey ortaya qoyacağıq.

 

- Vaqif Cavadovun oynamaması nəylə bağlı idi?
- Bu oyunda cinahlarda əzmkar futbolçu lazım idi. 90 faiz qollar cinahdan vurulur. Keçən oyunları da analiz etmişəm və bu problem yaşanır. Vaqif topu sevən, onunla oynamağı bacaran futbolçudu. Ancaq "Qarabağ"la oyunda ziyanımıza ola bilərdi. Bizə başqa funnksiyanı yerinə yetirən futbolçu lazım idi.

 

- Elnur Cəfərov hardadı?
- Əvəzedici heyətdə. Hazırda Tovuzdadı, sabah oyunları var. Fasilələr zamanı onu yoxlayacağıq. Formasını hələ ki, ikinci komandada bərpa edir.


- Rəhbərlik qarşınıza konkret avrokubok hədəfi qoyub?
- "Keşlə" ötən il də Avroliqaya çıxıb, ilk mərhələdə uduzub. Bütün klublar istəyir ki, avrokuboklarda iştirak etsin. Qarşıda 19 tur var. Mən də istəyirəm ki, "Keşlə" liderlər sırasına dönsün. Hər şey mümkündü. Bunu etsək, daha yaxşı olar. O hədəfə çatmağa çalışacağıq. Qarşıda kubok da var. Bu, Avropaya ən yaxın yoldu. Niyə də olmasın? Məqsəd komandanın potensialıına uyğun Avroliqaya çıxmaq vəzifəsini yerinə yetirməkdi.

 

- Yay fasiləsində demişdiniz ki, hələ dincəlirəm və gözləyirəm ki, kimin quyruğu qapı arasında qalacaq. "Keşlə"nin quyruğu qapı arxasında qalmışdı?
- Heç vaxt o sözü deməmişəm. Hələ ki, dincəlirdim, ancaq işləmək də işləyirdim. Demişdim ki, kim ağır vəziyyətdə olacaqsa, ordan dəvət gözləyəcəm. İki komanda vardı, "Zirə"yə Samir Abasov getdi. "Keşlə"dən dəvət gözləmirdim. Fikirləşirdim ki, baş məşqçi yeni - yayda gəlib. Məsələ birdən-birə oldu - srağagün axşam dəvət gəldi.  

Müəllif: Bəhruz MƏMMƏDOV