"Azəryol" liderə qalib gəldi
ESTAFET/ Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti turun görüşləri keçirilib. “ABU Arena”da təşkil olunan oyunlardan “Azəryol” – “Azərsu” qarşılaşması daha çox diqqət çəkib. Gərgin mübarizə şəraitində keçən görüşdə çempionluğa əsas namizədin imkanları yüksək qiymətləndirilsə də, yüksək əzmkarlıq göstərən “Azəryol” çətin qələbə qazanıb - 26:22.
“Gənclərbirliyi” – “İdman Akademiyası” matçı nominal qonaqların qələbəsi ilə nəticələnib – 30:32.
“Qarabağ” komandası isə həftəsonu Gürcüstanın “Olimpiya” kollektivi ilə keçirdiyi hər iki qarşılaşmanı qələbə ilə başa vurub – 33:23 və 42:18.
Məğlubiyyətə baxmayaraq “Azərsu” 14 xalla çempionatın vahid lideridir. Onun ən yaxın izləyicisi “Azəryol” vacib qələbə sayəsində aktivinə 8-ci xalı yazdırıb. Qoşa oyunlarda qələbə çalan “Qarabağ” da eyni xala malikdir. “İdman Akademiyası” “Gənclər Birliyi” üzərində qazandığı qələbə ilə xal sayını 5-ə çatdırıb.