AGF 2018-ci ilə yekun vurdu
ESTAFET/ Azərbaycan Güləş Federasiyası (AGF) 2018-ci ilə yekun vurub. İlin son iş günündə AGF-nin baş katibi Orxan Məmmədovun rəhbərliyi altında qurumun əməkdaşları çay süfrəsi arxasında bir araya gəlib. Federasiyanın rəhbəri Namiq Əliyevin adından güləş ictimaiyyətini yeni il münasibəti ilə təbrik edən baş katib daha sonra bunları deyib:
“Bu il müəyyən çətinliklərlə üzləşsək də, yarışlarda göstərdiyimiz nəticələri uğurlu saymaq olar. Bütün yaş qruplarında dünya və Avropa çempionatlarında çempionlarımız oldu. Qazanılan uğurlar hamımızın əməyinin nəticəsidir. Növbəti il daha çətin və məsuliyyətli ildir. Əl-ələ verib, uğurlara doğru addımlamalıyıq. Öz adımdan və Namiq müəllim adımdan bir daha bütün güləşçilərin, məşqçilərin və işçi heyətinin bayramını təbrik edir, yeni ildə müvəffəqiyyətlər arzulayıram”.
Daha sonra AGF-nin İdman şöbəsinin müdiri Yaqub Məmmədov təbrikini çatdırıb:
“Hamınızı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edirəm. Namiq müəllim yenidən federasiyamıza qayıtdıqdan sonra sabitlik yarandı, problemlər arxada qaldı. Arzu edirəm ki, 2019-cu ildə heç bir çətinliklə üzləşməyəsiniz. Ölkə rəhbərliyi də AGF-yə dəstəyini əsirgəmir. Gələn il Avropa Gənclərinin Olimpiya Festivalında uğurlu çıxış etməliyik. Güləş hər zaman Olimpiadada ölkəyə ən çox medal qazandıran idman növü olub. Pekində 4, Londonda 7, Rioda isə 9 güləşçimiz fəxri kürsüyə qalxdı. Tokioda da bizdən çoxlu medal gözlənilir. Bunun üçün Olimpiadaya maksimum sayda lisenziya qazanmalıyıq”.
Bu yaxınlarda olimpiya kateqoriyalı hakim ünvanına sahib çıxan Sədi Quliyevə təbriklər çatdırıldıqdan sonra xatirə şəkli çəkdirilib.