Yeniyetmə şpaqaçılarımız Ümumrusiya açıq "Yeni il" turnirində iştirak edib

ESTAFET/ 4-5 yanvar tarixlərində Rusiyanın Kazan şəhərində keçirilən qılıncoynatma üzrə Ümumrusiya açıq "Yeni il" turnirinə yekun vurulub.

130 yeniyetmə oğlan şpaqaçının mübarizəsində qılıncoynadanlarımızdan Barat Quliyev, Raul Aruslanov və Kənan Məlikzadə qüvvəsini sınayıb. Barat Quliyev qrup mərhələsində keçirdiyi 5 görüşdən 2-ni qalib başa vurmaqla pley-offa adlayıb. 1/64 finalda Rusiya idmançısı Aleksey Borodini 15:12 hesabı ilə məğlub edən Quliyev 1/32 finalda digər rusiyalı idmançı Aleksey Vinoqradova 11:15 hesabı ilə uduzub. Oğlan şpaqaçılarımızdan Raul Aruslanov da qrup mərhələsini adlamağı bacaqrıb. Qrupda keçirdiyi 6 görüşdən 2-də qalib gələn Raul 1/64 finalda Tatarıstan idmançısı Daniel Əskərova 1:15 hesabı ilə məğlub olub. Qrupda keçirdiyi 6 görüşdən 1-də qələbə qazanan Kənan Məlikzadə isə mübarizəni erkən dayandırıb.


137 yeniyetmə qız şpaqaçının yarışında isə ölkəmizi Azərin İdriszadə, Nazilə Rəhimova, Alfiyə Abdinova və Aysu Nuriyeva təmsil edib. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-də qalib gələn Azərin İdriszadə 1/64 finalda rusiyalı Yekaterina Tarasovaya 8:15 hesabı ilə uduzub. Qrupda keçirdiyi 6 görüşdən 2-də qələbə qazanan Nazilə Rəhimova isə 1/64 finalda Özbəkistan idmançısı Sevara Rəhimovaya 6:15 hesabı ilə məğlub olub. Qız şpaqaçılarımızdan Alfiyə Abdinova da 6 görüşdən 2-də qalib gələrək pley-offa yüksəlib. Şpaqaçımız 1/64 finalda rusiyalı Mariya Melexinaya 10:15 hesabı ilə uduzub. 6 görüşdən 1-də qələbə əldə edən Aysu Nuriyeva isə qrup mərhələsini adlaya bilməyib. 

Müəllif: Məsim MƏSİMZADƏ