Sablyaçılarımız Afinada keçirilən Dünya Kubokunun mərhələ yarışında iştirak edib
ESTAFET/ Yunanıstanın paytaxtı Afina şəhərində sablya üzrə Dünya Kubokunun mərhələ yarışına yekun vurulub.
Qadın sablyaçılarımızdan Sevil Bünyatova qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-də qələbə qazanıb. Sevil pley-offda Yunanıstan təmsilçisi İlianna Elefzeria Triantafillini 15:8 hesabı ilə məğlub edib. Sevil Bünyatova növbəti mərhələdə Qazaxıstan idmançısı Tatyana Prixodkaya 11:15 hesabı ilə uduzub. Qrupda keçirdiyi 6 görüşdən 4-də qalib gələn Sevinc Bünyatova isə pley-offa Çin idmançısı Henqyu Yanqa 1:15 hesabı ilə məğlub olub. Qrupda keçirdiyi 6 görüşdən 4-nü qalib başa vuran Səbinə Kərimova pley-offda Türkiyə təmsilçisi Aylin Çakırı 15:6 hesabı ilə məğlub edib. Səbinə növbəti mərhələdə yaponiyalı Norika Tamura 9:15 hesabı ilə uduzub. Sablyaçılarımızdan Sevil Bünyatova ümumilikdə 200 sablyaçının qatıldığı turnirdə 67, Səbinə Kərimova 73, Sevinc Bünyatova isə yekun sıralamada 106-cı sırada qərarlaşıb. Səbinə Kərimova, Sevil və Sevinc Bünyatova bacılarından ibarət sablya üzrə qadınlardan ibarət yığmamız turnirin son günündə komanda yarışında çıxış edib. Sablyaçılarımız 1/16 finalda Belarus komandasına 43:45 hesabı ilə uduzub.