Gənc batutçularımız Belarusda medal qazandılar

ESTAFET/ 27-29 mart tarixlərində Vitebsk şəhərində Belarusun əməkdar məşqçisi Valeriy Vagelin xatirəsinə həsr olunmuş Belarus Açıq Çempionatı keçirilib.

Turnirdə ev sahibi ölkənin ən güclü gimnastları ilə yanaşı İtaliya və Azərbaycandan ümumi 85 gimnast çıxış edib. Sevindirici haldır ki, ölkəmizi yeniyetmələr yaş kateqoriyasında təmsil edən batutçularımız öz adlarını mükafatçılar sırasına yazdırmağı bacarıblar. Belə ki, dünən baş tutmuş final yarışlarında Hüseyn Abbasov bütün rəqiblərini üstələyib və 47.750 xalla qızıl medal qazanıb. Komanda yoldaşı Maqsud Mahsudov isə eyni yaş kateqoriyasında 47.510 xal toplayaraq, bürünc medal əldə edib. Xanım təmsilçimiz Selcan Mahsudova (2003) isə turniri 6-cı yerdə başa vurub.

Qeyd edək ki, yarışlar Vitebskdə yeni açılmış Batut Gimnastikası Mərkəzində təşkil olunub. Belarusun tanınmış gimnastı Vladislav Qonçarovun Rio Olimpiadasındakı parlaq qələbəsindən sonra tikilməsinə qərar verilən bu mərkəzin qəbul etdiyi ilk yarış məhz elə Belarus Açıq çempionatı olub.  

Müəllif: Bəhruz MƏMMƏDOV