Məcburi köçkün uşaqlar Formula 1 ilə tanış oldular

ESTAFET/ Xarici İşlər Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının birgə təşkilatçılığı ilə 2019-cu ilin 26-28 aprel tarixlərində Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 çərçivəsində “Racing for Peace” (Sülh Naminə Yarış) şüarı altında məcburi köçkün uşaqlar üçün yarış öncəsi pit yolu ilə, eləcə də əyləncə zonasına gəzintilər təşkil olunmuşdur.

Uşaqlar böyük həvəslə paytaxt Bakıda keçirilən Qran Pri yarışına hazırlıq prosesi ilə tanış olmaq, bu yarışları izləmək üçün ölkəmizə gələn peşəkar Formula 1 komanda üzvləri, əcnəbi qonaqlar və həmyaşıdları ilə təmasda olmaq imkanı əldə etmiş və onlarda avto-idman sahəsinə xüsusi maraq yaranmışdır.

İcmanın üzvləri əslən Dağlıq Qarabağdan olan məcburi köçkün uşaqlar üçün təşkil olunmuş bu sosial-humanitar layihəyə görə təşəkkürünü ifadə edərək, bu aksiyanın Azərbaycanın BMT-nin “sülh və inkişaf naminə idman” proqramının məqsəd və məramlarına sadiqliyinin növbəti nümunəsi olduğunu bildirmişdir.
Bundan əvvəl ölkəmizdə keçirilən beynəlxalq şahmat turniri çərçivəsində “sülh naminə şahmat” oyununda iştirak edən uşaqlar Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edildikdən sonra doğma torpaqlarında bu gün Bakıda olduğu kimi sülh, əmin-amanlıq və multikulturalizm şəraitində avtomobil idmanı yarışlarının keçiriləcəyinə ümidvar olduqlarını ifadə etmişlər.

BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai təmsil etdiyi şirkətin dostluğa və anlaşmaya xidmət etdiyini qeyd edərək korporativ sosial məsuliyyət, cəmiyyətə töhfə və uşaqlara qayğı kimi dəyərləri daim rəhbər tutduğunu bildirmişdir.

Tədbirin sonunda BŞH tərəfindən uşaqlara Formula 1 yarışları üçün xarakterik olan hədiyyələr və suvenirlər verilmişdir.
 

Müəllif: Natiq NƏSİROV