"Nəticəni qarşılaşma günü biləcəyik": Mustafazadə

ESTAFET/ "Millidən dəvət aldığıma görə sevinirəm. Hər şey normaldı, özümü çox rahat hiss edirəm. Komanda olaraq məşqlərə, oyunlara köklənmişik və çalışırıq ki, matçadək daha yaxşı formada olaq, nəticə qazanaq". Bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə bildirib.

22 yaşlı mərkəz müdafiəçisi hazırlıq müddətində U-21 yığmasına "Dalğa Arena"dakı 3:0 hesabıyla qalib gəldiəri yoxlama matçında ikinci hissədə meydana çıxıb. Bəhlul hazırkı komandasına və ötən tsikldə kapitanı olduğu U-21-ə qiymət verib: "Komandamız üçün yaxşı bir məşq oldu. U-21 də bizə qarşı yaxşı oynadı. Hazırlıq xarakterli yaxşı bir sınaq matçı alındı. Baş məşqçi oyunu analiz edərək bizə lazım olan məlumatlar verdi. U-21-də əksəri tanış futbolçulardı, onlara qarşı oynamaq mənim üçün xoş idi. Adama bir az fərqli gəldi. Ancaq bu, futboldu, bu gün şərəfini qoruduğun komandaya sabah rəqib olursan. Buna görə də qeyri-adi nəsə olmadı. Onu deyə bilərəm ki, kənardan baxanda, U-21 yığmamızın yaxşı təsir bağışlaması diqqətimi çəkdi. Taktiki cəhətdən çox düzgün, kompakt oynayan, ağıllı komanda təsiri bağışladı. Bir sözlə, çox xoşuma gəldi və onlara uğurlar arzulayıram. İnanıram ki, yeni seçmə mərhələyə qələbəylə başlayacaqlar, bu tsikldə daha yaxşı nəticə qazanacaqlar".

Mustafazadə ilk növbədə rəhbərliyi altında çalışdığı millimizin serbiyalı baş məşqçisi Nikola Yurçeviçdə diqqətini çəkdiyi əsas məqama toxunub: "İlk növbədə futbolçulara rahatlıq verən məşqçidi, heç kəs onun sərəncamında sıxılmır. Hər kəs özünü rahat hiss edir və bu zaman da istədiyin oyunu ortaya qoya bilirsən. Yurçeviçdə ilk növbədə bu, diqqətimi çəkdi".

Maraqlıdı, Bəhlul baş məşqçinin onun qarşıdakı ev matçlarında əsas heyətdə yer verəcəyini gözləyirmi? Gəlin, özünü dinləyək: "Üzərimə düşən məşqdə maksimum çalışmaqdı. Son qərarı baş məşqçi oyun günü verir. Heyəti müəyyənləşdirmək onun üzərinə düşür. Mənim işimsə məşqdə üzərimdə çox işləməkdi".

"Qəbələ"nin gənc futbolçusu qarşıdakı rəqib olan Macarıstan yığmasının etdikləri analizi əsasən bizə belə təsvir edib: "Meydanda çox işləyən komandadı. Həm hücuma, həm də müdafiədən komanda şəklində yaxşı çıxmağı bacarırlar. Güclü mübarizə aparan komandadı. Biz də rəqibin oyununa uyğun olaraq taktika seçərək nəticə qazanmağa çalışacağıq. Konkret nəticəylə bağlı gözləntimə gəlincə, futbolda əvvəldən proznoq vermək bir az çətindi. Nəticəni qarşılaşma günü biləcəyik. Maksimum çalışacağıq ki, daha yaxşı nəticə qazanaq". 

Müəllif: Estafet.az