KLUBLARARASI AVROPA ÇEMPİONATI BAŞA ÇATDI
ESTAFET/ Türkiyənin Antalya şəhərində Klublararası Avropa Çempionatına yekun vurulub. Türkiyə Taekvondo Federasiyası (TTF) və Avropa Taekvondo Birliyi (ATB) tərəfindən təşkil edilən və sayca 5-ci olan G1 kateqoriyalı yarışın son günündə, klublarımızın taekvondoçuları daha 6 medal qazanıb.
40 ölkədən 900-dən çox idmançının qatıldığı çempionatda, son Yay Olimpiya Oyunlarının bürünc mükafatçıları Milad Beigi Hərçəqani (-80 kq) və Patimat Abakarova (-53 kq, hər ikisi Gilan İK) yarışın qalibi olub.
Radik İsaev (+87 kq) və Ramin Əzizov (-87 kq, hər ikisi Gilan İK) isə həlledici döyüşdə məğlub olub. Daha üç idmançımız, Yaprak Eriş (-57 kq, Gilan İK), Fəridə Əzizova (-67 kq, Gilan İK) və Ceyhun Həsənli (+87 kq, Savalan TK) isə yarışı bürünc medalla başa vurub.
Beləliklə, 4 gün davam edən Klublararası Avropa Çempionatında, Respublikamızda fəaliyyət göstərən taekvondo klublarının yetirmələri ümumulikdə 31 medalla uğurlu nəticəyə imza atıblar. Gilan İK kişilər arasında ilk pilləyə, qadınlar arasında ikinci pilləyə, ümumi komanda hesabında da ilk pilləyə sahib olub.
11-fevral tarixində G2 kateqoriyalı “Turkish Open” beynəlxalq turnirinin startı veriləcək. Milli komandalarımızın üzvləri bu yarışda da qüvvələrini sınayacaq.