Dünya Çempionatının ulduzlu Açılış mərasimi
ESTAFET/ Məlum olduğu kimi Azərbaycan Gimnastika Federasiyası ilin ən böyük gimnastika tədbirlərindən birinə hazırlaşır. 16-22 sentyabr Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə Dünya Çempionatına hazırlıqlar yayın ən isti günlərində tam sürəti ilə davam edir.
Gimnastika yarışlarının əsas hissəsinə çevrilmiş Açılış mərasiminə təşkilatçılar bu dəfə də xüsusi yaradıcılıqla yanaşıb. Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” adlı şou ilə yanaşı, Azərbaycanın məşhur ifaçılarının iştirakı da təsdiq olunmuşdur.
Belə ki, çempionatın məhz ilk günü – Açılış mərasimində ölkəmizlə yanaşı, digər ölkələrdə də məşhur olan Azərbaycanın xalq artisti Emin Ağalarov öz sevilən nəğmələri ilə izləyənləri sevindirəcək.
Müğənni-bəstəkar, əməkdar artist Tünzalə Ağayeva isə Azərbaycanın dövlət himnini a kapella şəklində ifa edəcək.
Açılış mərasiminin maraqlı məqamları bununla bitmir. Belə ki, mərasimdə Dünya Çempionatının ulduz səfiri Azərbaycanın sevilən müğənnisi, əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış mahnını səsləndirəcək.