YIĞMAMIZ DÜNYA KUBOKUNU 3 GÜMÜŞLƏ BİTİRDİ

ESTAFET/ Beynəlxalq Gimnastika Federasiyasının Yeni Olimpiya dövründə Batut Gimnastikası üzrə ilk Dünya Kuboku başa çatdı. 15 ölkədən paytaxtımıza təşrif buyurmuş 82 nəfər batutçu və tamblinqçilər, Milli Gimnastika Arenasında iki yarış günü ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında medallar uğrunda gərgin mübarizə apardılar.

 

Azərbaycan Gimnastika Federasiyasının xəbərinə görə, təmsilçilərimiz əsl əzmkarlıq nümayiş etdirərək turniri 3 gümüş medalla başa vurmağı bacardılar.

 

Dünya Kubokunda ilk gümüş medalı qazanan tamblinqçi Mixail Malkin oldu. Ardınca batut üzrə yarışlarda sinxron proqramda çıxış edən Svetlana Makştarova və Veronika Zemlyanayadan ibarət qadın cütlüyümüz turnirin növbəti gümüş medalına sahib çıxıdılar. Üçüncü medalı son ana qədər mübarizə apararaq bütün ümidləri doğruldan İlya Qrişunin əldə etdi. O, məhz Olimpiya Oyunlarının proqramına daxil olan fərdi çıxışında fərqlənərək fəxri kürsünün ikinci pilləsinə yüksəldi.