KARATEÇİLƏRİMİZ AVROPA ÇEMPİONATINI 4 MEDALLA BİTİRDİ
ESTAFET/ Azərbaycan karateçiləri Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə və Gənclərin növbəti Avropa çempionatının son yarış günü daha 2 medal qazandılar.
İrina Zaretska (21 yaşadək idmançılar, -61 kq) Avropa çempionu, Asya Məlikova isə (21 yaşadək idmançılar, -50 kq) gümüş medala sahib oldu. Onlardan əvvəl Murad Hacızadə (16-17 yaş gənclərdə +76 kq) və Ayla Rzazadə (14-15 yaşlı yeniyetmələr, -54 kq) bürünc medal qazandı.
Fidan Teymurova (16-17 yaşlı gənclər, -48kq), Həsən Əliyev (16-17 yaşlı gənclər, -55 kq) və Elcan Məmmədrzayev (21 yaşadək idmançılar, -60kq) bürünc medal uğrunda həlledici görüşlərdə məğlub olublar. Ceyhun İsmayılov (14-15 yaşlı yeniyetmələr, kata), Tale və Tural Yaqubov qardaşları (müvafiq olaraq 14-15 yaşlı yeniyetmələr, -52 kq və -63 kq) 7-ci olublar.
Bu nəticə ilə Azərbaycan medal qazana bilən 34 ölkə arasında 13-cü yeri tutub. 14-15 yaşlı yeniyetmələr arasında 44-cü, 16-17 gənclər və 21 yaşadək idmançılar arasında isə 9-cu Avropa çempionatında 50 ölkədən 1147 karateçi iştirak edib. Yeniyetmə və gənclərin baş məşqçisi, əməkdar məşqçi Anar Allahveridyev, eləcə də 21 yaşadək idmançıların baş məşqçisi Şahin Xudaverdiyev komandadan daha yüksək nəticə gözləsələr də, yarış təcrübəsinin azlığı özünü göstərdi.
Bu rəsmi yarışın yaddaqalan məqamlarından biri də beynəlxlaq dərəcəli hakim Vüqar Kərimovun tatami menecerinin köməkçisi vəzifəsinə təyin edilməsi oldu.