“Könüllülər Proqramı - 2020
ESTAFET/ Azərbaycan Gimnastika Federasiyası, 2020-ci ildə Bakıda keçiriləcək beynəlxalq yarışların təşkili üçün “Könüllülər Proqramı - 2020" könüllülərin qeydiyyatını elan edir.
Könüllülər proqramına seçilən şəxslər 2020-ci il ərzində paytaxtımızda keçiriləcək bir neçə beynəlxalq və yerli yarışlarda könüllü kimi fəaliyyət göstərərək dil biliklərini inkişaf etdirərək, idman yarışlarının təşkili sahəsində təcrübə və yeni biliklər qazanacaqlar.
Könüllülərin yarışlarda fəaliyyətinin keyfiyyətli təşkili məqsədilə könüllülər üçün gimnastika yarışlarının təşkili, yarışların keçirilmə qaydaları, gimnastika yarışlarının mahiyyəti üzrə ümumi təlim, yarışların keçiriləcəyi Milli Gimnastika Arenasının xidmət sahələri ilə tanışlıq, könüllülərin cəlb olunacağı xidmət sahələrinin fəaliyyəti haqqında təlim və seminarlar təşkil olunacaqdır.
Azərbaycan Gimnastika Federasiyasının təşkil etdiyi Beynəlxalq yarışlarda könüllülər müxtəlif sahələr üzrə fəaliyyət göstərəcəklər. Bunlara, yarışların təşkili, mətbuat xidməti, akkreditasiya xidməti, tamaşaçılar xidməti, tərcümə xidməti, mükafatlandırma xidməti, nəqliyyat xidməti və digər sahələr daxildir.
Könüllülər, 2020-ci ildə Bakıda keçiriləcək Batut gimnastikası və Tamblinq üzrə Dünya Kuboku (15-16 fevral), İdman Gimnastikası üzrə 1-ci AGF Junior Trophy beynəlxalq turniri (7 və 8 mart), İdman Gimnastikası üzrə Dünya Kuboku (12-15 mart), Bədii Gimnastika üzrə Yana Batırşina adına açıq turnir (17-19 aprel), Bədii Gimnastika üzrə Dünya Kuboku (24-26 aprel), Aerobika Gimnastikası üzrə Ümumdünya Yaş Qrupları yarışları (8-10 may) və Dünya Çempionatı (14-16 may), Kişi İdman Gimnastika üzrə Avropa Çempionatında (27-31 may), o cümlədən yerli yarışlarda könüllü qismində çalışmaq fürsətləri əldə edəcəklər.
“Könüllülər Proqramı - 2020” layihəsinə qatılmaq istəyən şəxslər 30 noyabr 2019-cu il tarixinədək aşağıda qeyd olunmuş internet səhifəsinə daxil olaraq, elektron ərizə formasını doldurub, müraciət edə bilərlər.
Qeydiyyat üçün linkə daxil olun: https://bit.ly/34u6KvG