Gənc şpaqaçılarımız Dünya Kubokunun mərhələ yarışında iştirak edib

ESTAFET/ Şpaqa üzrə kişilərdən ibarət milli komandamız Latviyanın paytaxtı Riqa şəhərində keçirilən gənclərin Dünya Kubokunun mərhələ yarışında (FIE Junior World Cup) turnirində çıxış edib.

Kişi şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə başa vuran Ruslan Həsənov, Xalid Əliyev və Barat Quliyev pley-offa yüksəlib. Hər üç şpaqaçımız pley-off mərhələsinin ilk görüşündə məğlub olub. Ruslan Həsənov Kiril Pavlova (Qazaxıstan) 13:15, Xalid Əliyev Dominik Kaukerə (Macarıstan) 6:15, Barat Quliyev isə Timoti Franka (ABŞ) 11:15 hesabı ilə uduzub. Qrupda 1 qələbəsi olan Kənan Məlikzadə və Fərrux Səfərov mübarizəni erkən dayandırıb. Kişi şpaqaçıların komanda yarışında Ruslan Həsənov,Xalid Əliyev və Barat Quliyevdən ibarət kollektiv Norveç komandasına 36:45 hesabı ilə məğlub olub.  

Müəllif: Natiq NƏSİROV