Azərbaycan millisinin bayraqdarının adı açıqlandı
ESTAFET/ Lozanna-2020 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında Azərbaycan millisinin bayraqdarının adı dəqiqləşib. Bu funksiyanı yarışdakı yeganə təmsilçimiz Yekaterina Ryabova yerinə yetirəcək.
Milliləşən fiqurlu konkisürən və nümayəndə heyətimiz İsveçrəyə yanvarın 8-də yollanacaq. Buraya idmançı ilə yanaşı, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev və qurumun beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Bağırov daxildir.
Qeyd edək ki, millimiz Yeniyetmələrin Qış Olimpiya Oyunlarında ilk dəfə iştirak edəcək. Yanvarın 9-22-də keçiriləcək yarışda 79 ölkədən 1872 atlet mübarizə aparacaq.