“Qran-pri”də 4 qızıl, 2 gümüş, 1 bürünc medal
ESTAFET/ Fransanın Nitsa şəhərində olimpiya çempionu Anri Deqlanın xatirəsinə sərbəst və yunan-Roma güləşi üzrə “Qran-pri” turniri keçirilib.
Yarışın proqramına əsasən, yanvarın 18-də sərbəst, 19-da isə yunan-Roma güləşi üzrə mübarizə baş tutub. Ölkəmizi ənənəvi turnirdə baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında yunan-Roma güləşi üzrə millimiz təmsil edib. Komandamız "Qran-pri"də uğurlu çıxış edərək 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Murad Məmmədov (60 kq), Ülvi Qənizadə (72 kq), Rafiq Hüseynov (82 kq) və Sabah Şəriəti (130 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sənan Süleymanovla (72 kq) Orxan Nuriyev (97 kq) ikinci, Taleh Məmmədov (63 kq) isə üçüncü yeri tutub.
Xatırladaq ki, “Qran-pri”də beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyub.