AZƏRBAYCANDA “GƏNC DAĞÇILAR HƏRƏKATI” TƏSİS OLUNUB

Azərbaycanda ekstremal idman növləri ilə maraqlanan bir qrup gənc tərəfindən “Gənc Dağçılar Hərəkatı” (GDH) təsis olunub. “Estafet.az”ın xəbərinə görə, daxilində 3 klubun fəaliyyət göstərəcəyi GDH-nin yaradılmasında məqsəd ölkəmizdə bu idman növünə marağı olan gəncləri bir araya toplamaq və dağçılıq idman növünün daha geniş gənclər kütləsinə çatdırmaqdan ibarətdir. “Bu idman növü ölkəmizdə çox zəifdir, məqsədimiz bu idman növünü gənclər arasında təbliğ etmək və bu sahədə gəncləri maarifləndirməkdir”, - “Gənc Dağçılar Hərəkatı”ndan bildirilib.


Tezliklə GDH tərəfindən ölkədaxili və ölkədən xaricdə dağ yürüşlərinin təşkil edilməsi nəzərdə tutulur.


GDH-nin rəhbəri Bağırov Rusif Qasım oğlu alpinistdir. O, 20.01.1993cü ildə Quba rayonunun Xınalıq kəndində anadan olub. 1999-2010-cu illərdə orta məktəbdə təhsil alıb, 2011-2012-ci illərdə həqiqi hərbi xidmət keçib. Şahdağ Milli Parkda, Qubanın “Xəyal” televiziyasinda və “Gilan Holding”də çalışıb. R.Bağırov 2004-cü ildən alpinizmlə məşğul olur. Ötən müddət ərzində o, Böyük Qafqazın bütün zirvələrində olub, İranda Savalan və Dəmavənd, Rusiyada, Avropanın ən hündür zirvəsi olan Elbrus zirvəsini fəth edib. Dağ qaçışı üzrə Azərbaycan çempionudur. Həmçinin, onlarla idman yarışının qalibidir. Müxtəlif diplom və sertifikatlarla təltif olunub. GDH ilə Azərbaycan bayrağını beynəlxalq idman yarışlarında alpinizm, buza dırmanma, qaya dırmanışı və dağ qaçışları kimi ekstremal idman növlərində dalğalandıracaq idmançılar hazırlayır. Ona bu çətin yolda əzmkarlıq və uğur diləyirik. “Məsələ mənim qalib və ya çempion olmağımda deyil, məsələ bizim idmançılarımızın uğur qazanmasıdır”, - deyən çempion əsas məqsədinin bu sahədə dünya miqyaslı idmançılar yetişdirmək olduğunu bildirib.


Rusif Bağırovun bu missiyasını alqışlayır, ona və GDH klublarının bütün idmançılarına daim qələbələrə dolu idman nailiyyəti arzulayırıq.