Kişi şpaqaçılarımız Avropa birinciliyində 9-cu oldu

ESTAFET/ Şpaqa üzrə kişilərdən ibarət yığma komandamız Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa birinciliyində çıxışını başa vurub.
Kişi şpaqaçılarımız komanda yarışında 21 komanda arasında 9-cu olub. Ruslan Həsənov, Xalid Əliyev, Barat Quliyev və Fərrux Səfərovdan ibarət komandamız ilk görüşündə finlandiyalı həmkarlarına 45:34 hesabı ilə qalib gəlib. Şpaqaçılarımız ən güclü 8 komanda sırasına yüksəlmək uğrunda görüşdə turnirin finalına kimi irəliləyən İtaliya komandasına 25:45 hesabı ilə uduzub. Komandamız 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə ilk olaraq İsraili təmsil edən kollektivə 45:44 hesabı ilə qalib gəlib. Kişi şpaqaçılarımız ardınca Böyük Britaniyanı təmsil edən komandanı 45:35 hesabı ilə məğlub edib. Komandamız 9-cu yer uğrunda keçirilən həlledici görüşdə Almaniyanın gənc kişi şpaqaçılardan ibarət yığması üzərində 40:39 hesablı qələbə qazanıb.
