UEFA ÇL və Avropa Liqasının final günlərini müəyyənləşdirib

ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) final matçının tarixi müəyyənləşib. Turnir planlaşdırılan vaxtda bərpa olunsa, UEFA həlledici görüşün avqustun 29-da keçirilməsini istəyir.
Qitə futbol qurumu gələn həftə baş tutacaq videomüşavirədə bunu üzv federasiyalara təklif edəcək, İcraiyyə Komitəsinin iclasında müzakirəyə çıxaracaq. UEFA koronavirus pandemiyası səbəbindən dayandırılan ÇL-in 1/4 final mərhələsinin 28-29 iyul tarixində, qalan qarşılaşmaların isə avqustda keçirilməsini hədəfə alıb. Avropa Liqasının finalı isə avqustun 26-na planlaşdırılır.
Klublar ilk olaraqçempionatların bərpasını və təqviminin müəyyənləşməsini, daha sonra avrokubokların taleyinin müzakirəsini istəyir. Avrokubokun qalan görüşlərinin avqusta salınması ölkə çempionatlarında ardıcıl oyunların keçirilməsinə də zəmin yaradacaq.
Qeyd edək ki, ÇL-nin final matçının İstanbulda, Avropa Liqasının həlledici görüşünün isə Qdanskda keçirilməsi nəzərdə tutulur.
