Rəcəbov ilk oyun gününü sülhlə başa vurdu

ESTAFET/ FIDE tərəfindən təşkil olunan onlayn şahmat üzrə Millətlər kubokunda ilk oyun gününə yekun vurulub. Bu turnirdə Dünya yığmasının heyətində yer alan Azərbaycan şahmatçısı Teymur Rəcəbov ilk oyun gününün hər iki turunda oynayıb. 

Şahmatçımızın komandası 180 min dollar mükafat fondu olan online turnirin ilk turunda Çin yığması ilə görüşüb. Qara fiqurlarla mübarizə aparan Teymur Van Hao ilə heç-heçə oynasa da, Dünya yığması qarşılaşmadan məğlub ayrılıb – 1:3. Mariya Muziçuk Hau Yifana, Amin Bassen Yu Yanqyiyə uduzub, Alireza Firudza isə Din Lirenlə heç-heçə oynayıb.

İlk turun digər qarşılaşmalarında Rusiya Avropa yığması ilə, Hindistan ABŞ millisi ilə heç-heçə oynayıb (2:2).

Teymurlu Dünya yığması II turda Hindistanla qarşılaşıb. İlk turun Çinlə oyununda olduğu kimi, təmsilçimiz bu dəfə də heç-heçə ilə kifayətlənib. Ağ fiqurlarla oynayan Rəcəbov Vişvanatan Anandla xalı yarı bölüb.

Onun komanda yoldaşlarından Alireza Firudza Pentela Harikrişna, Mariya Muziçuk isə Hampi Koneru ilə heç-heçə edib. Jorj Korinin Adhlban Baskaran üzərində qələbəsi ilə dünya yığmasına qalib gəlmək üçün yetərli olub – 2,5:1,5. Bu, ilk turda 1:3 hesablı məğlubiyyət alan Teymur və komandasının ilk qələbəsidir.

II turun digər matçlarında ABŞ Rusiyanı, Çin Avropanı məğlub edib. Hər iki görüşdə 3:1 hesabı qeydə alınıb.

İlk oyun günündən sonra Çin yarışın lideridir. Asiyalılar hər iki qarşılaşmada qalib gəlib.

Qeyd edək ki, dünya yığması sabah keçiriləcək iki turdan birincisində ABŞ, ardınca Rusiya ilə qarşılaşacaq.

Müəllif: Natiq NƏSİROV