Yeniyetmələr arasında dördüncü LANDAU Şahmat Festivalının açılış mərasimi keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “LANDAU School”Təhsil Kompleksinin təşkilatçılığı ilə keçirilən yeniyetmələr arasında dördüncü LANDAU Şahmat Festivalının açılış mərasimi keçirilib.

Sayca dördüncü dəfə baş tutan LANDAU Şahmat Festivalının açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının Birinci Vitse-prezidenti Faiq Həsənov,  LANDAU School-un təsisçisi Timur Leznik, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin müşaviri Rüstəm Ağayev çıxış edərək turnirin ölkədə şahmatın inkişafına və yeniyetmələrin bu idman növünə olan marağının artmasına dəstək olduğunu bildirib.

LANDAU School-un təsisçisi Timur Leznik turnirin təşkilatçılığında göstərdiyi dəstəyə görə Azərbaycan Şahmat Federasiyasının Birinci Vitse-prezidenti Faiq Həsənova xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, iyunun 22-də başa çatacaq turnir LANDAU School-un “Sea Breeze” korpusunda təşkil olunur. Yarışlar 8,10,12 yaşadək oğlan və qızlar arasında – şəxsi və komanda hesabında keçirilir. Turnirdə müxtəlif şəhər və rayonlardan 150 yeniyetmə mübarizə aparır.

LANDAU Şahmat Festivalının baş hakimi Qüdrət İsmayılovdu.

Müəllif: Bəhruz MƏMMƏDOV